!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Nataşa"ya doğru gedən Azərbaycan GENEFONDU - SOS

!Reklam – Yazi

 

Qızların defisit olması demoqrafik cəhətdən qorxulu deyil, amma mənəvi baxımdan…

Statistika Komitəsinin açıqlamasına görə, 2017-ci ildə doğulan hər 100 qıza 114 oğlan düşüb. Bu hesabla 2030-cu ildən sonra azərbaycanlı oğlanlar ailə qurmaq üçün əcnəbi qızlara üz tutmalı olacaqlar. Qeyd edək ki, son illər əksər Azərbaycan ailələri oğlan övladlarının olmasına daha çox əhəmiyyət verməyə başlayıblar. Bu fonda da qız uşaqlarının abortu geniş hal alıb. Halbuki, bu prosesdə balansın olması daha vacibdir. Qərb ölkələrində ailələr bu məsələdə daha liberaldırlar. Onlar üçün dünyaya gələn övladın qız və yaxud oğlan olmasının heç bir əhəmiyyəti yoxdur, təki övlad olsun. Amma nədənsə, əksər müsəlman ölkələrində, o cümlədən Azərbaycanda oğlan uşağının olmasına daha çox önəm verilir.

Məhəmməd Peyğəmbərin dövründə bəzi müsəlman ailələrində doğulan qızların diri-diri torpağa basdırılması halları olduğu kimi, bu gün də qız uşaqlarının abort olunması halları geniş vüsət alıb.

Məsələyə münasibət bildirən ilahiyyatçı Elşad Miri Yenicag.az-a açıqlamasında bildirdi ki, qız övladının doğulmasının qarşısını almaq üçün aborta getməyə üstünlük verməyi cahil təfəkkürün nəticəsi hesab edir:
“Ümumiyyətlə abortlar, hər hansı bir uşaq dünyaya gələrkən daha çox oğlanın olmasının istənilməsi və bu istiqamətdə qoyulan tələblər, təəssüflər olsun ki, sonda doğumda disbalansın yaranması kimi acı nəticəyə gətirib çıxarır. Oğlanın olmasını tələb etmək və dölün qız olduğunu bilərkən onu tələf etmək, fikrimcə, cahil təfəkkürün nəticəsdir. Çünki İslam dinində əslində, övlad istəyərkən onun daha çox oğlan və ya qız olması deyil, xeyirli, saleh, sağlam, faydalı ovlad istəmək həmişə əsas götürülüb. Ona görə də qızın, yaxud da oğlanın hansının daha xeyirli olduğu barədə Allah Quranda da buyurur ki, “Siz bilə bilməzsiniz”. Yəni onu ancaq Allah bilir. Bu əsasda da çalışmaq lazımdır ki, övlad istəyərkən, sağlam və saleh övlad istəyək. Ona görə də oğlan istəmək və bu fonda qız övladlarını abort etdirmək yanlış düşüncədir. Təəssüf ki, hazırda bu düşüncənin nəticəsini yaşayırıq. Bu fonda dövlət xüsusi qərar çıxararaq, qız uşaqlarının sayının çoxalması üçün müəyyən addımların atılmasını təşviq edə bilər. Bu istiqamətdə addım atılarsa, hazırda yanlış yolda olan situasiyanın da qarşısı alınar”.

“30 il əvvəl doğum eyni idi, amma qızlar qarıyıb evdə qalırdı…”

Sosioloq, alim Əhməd Qəşəmoğlu demoqrafik cəhətdən oğlan uşaqlarının çox doğulmasında qorxulu məqamın olmadığını desə də, mənəvi və əxlaqı baxımdan prosesin cəmiyyət üçün ziyanlı olduğu qənaətindədir:

“10-15 ildən sonra azərbaycanlı oğlanların qızları idxal edəcəyilə bağlı deyilən sözlər hay-küyün nəticəsidir. Əvvəla, ölkədə oğlan uşağının çox doğulması yazıldığı kimi heç də qorxulu hadisə deyil. Bu o demək deyil ki, həmin hadisə fonunda gələcəkdə oğlanlarımız ailə qurmağa qız tapmayacaq. Dərindən sosioloji təhlil edəndə bunun gülünc olduğunu görmək olar. Bu mənada 2030-cu ildə oğlanlarımızın əsasən xaricdən qız idxal edəcəyilə bağlı verilən hesablamalar da gülməlidir. Əhalinin müəyyən hissəsi oğlan uşağının olmasını istəyir. Proqnoza təsir edən bir çox parametrlər var ki, həmin proqnozu aparanlar sözügedən məsələdə onu nəzərə almır. Nədən Azərbaycanda doğulan oğlan uşaqlarının çox olmasının heç bir qorxusu yoxdur? Çünki ölkəni tərk edənlərin böyük əksəriyyətini məhz oğlan uşaqları təşkil edir. Hələ 30 il bundan əvvəl elmi mərkəz rəhbəri olaraq deyə bilərəm ki, hər iki cins arasında bərabər sayda doğum qeydə alınsa da, respublikamızda ailə qurmayan qızlarımız çox olub. Bu da ondan irəli gəlirdi ki, oğlanlarımız əsasən respublikanı tərk edirdilər. İndiki vəziyyətdə isə ölkəmizi tərk edib gedən gənc oğlanların sayı daha çoxdur. Həmçinin, yol qəzalarında, dava-dalaşda, müharibədə ölənlər əsasən elə güclü cinsin nümayəndələri olur. Bu səbəbdən ölkədə oğlan uşaqlarının müəyyən qədər çox doğulması hələlik arzuolunandır. Amma bu məsələdə xoşagəlməyən odur ki, qız uşağı olduğuna görə aborta getməklə valideynlər həqiqi mənada uşağın qətlinə fərman verirlər. Bu mənada baş verən proses mənəvi və əxlaqı aşınma cəhətdən qorxuludur. Öz uşağını qətl edən adamda başqasına, cəmiyyətə qarşı da neqativ fikirlər yaranır. Ona görə də belə hallar tənqid olunmalıdır”.

Nəticə olaraq, qeyd edək ki, Azərbaycanda 1988-ci ildə 1000 kişiyə 1051 qadın, 1998-ci ildə 1000 kişiyə 1022 qadın, 2008-ci ildə 1000 kişiyə 1005 qadın, 2018-ci ildə isə 1000 kişiyə 993 qadın düşüb.

Hər halda faktlar, o qədər də ürəkaçan deyil və bu, Azərbaycanın gələcək genefondu üçün olduqca təhlükəli bir göstəricidir:

ELÇİN

www.yenicag.az

3146
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv