Natavan: “Bacımın nişanlısını sevirəm” – FOTOLAR/VİDEO
Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə bağlı ədibin “Solğun Çiçəklər” pyesi ekranlaşdırılıb.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mədəniyyət Nazirliyi ilə birgə ərsəyə gətirdiyi filmdə baş rollardan birini gənc və cazibədar aktrisa Natavan Abbaslı canlandırır.
Aktrisa filmlə bağlı təəssüratlarını Yenicag.az-la bölüşüb:
“İlk öncə demək istəyirəm ki, görkəmli dramaturq Cəfər Cabbarlının belə bir möhtəşəm əsərində rol almaq gənc aktrisa olaraq mənim üçün çox böyük qürurdur. Bu layihədə olmaq, belə bir komanda ilə çalışmaq olduqca xoşdur. Biləndə ki, Pəri obrazını canlandıracam, çox sevindim. Birincisi ona görə ki, bu obraz mənə çox yaxındır. İkincisi, komandanın yüksək peşəkarlığı filmdə oynamağım üçün daha bir səbəb oldu. Qeyd edim ki, Pəri obrazı insanlar tərəfindən birmənalı qarşılanmır. Çoxları üçün Pəri eqoist, bivec, hətta ögey bacısının nişanlısına göz dikən, bir sözlə mənfi qəhrəmandır. Belə ki, obraza görə mən bacımın nişanlısını sevirəm. Yəqin ki, bu obraza görə məni topa tutacaqlar. Olsun”.
Aktrisa ekran işində Azərbaycan teleməkanında heç bir serialda olmayan səhnələrin də yer alacağını bildirib: “Tamaşaçılar kifayət qədər cəsur səhnələrin şahidi olacaqlar”.
Qeyd edək ki, serialın ikinci bölümünə bu axşam saat 21:50-də İctimai Televiziyanın efirində baxa bilərsiniz.
Ekran işinin ssenari müəllifləri Xəyyam Abdullayev, Reyhan İsayeva, quruluşçu rejissorları Xəyyam Abdullayev, Elməddin Alıyev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Aydın Əsgərov, prodüseri Yalçın Verdiyev, baş prodüseri isə Balakişi Qasımovdur.
Rollarda xalq artisti Elxan Qasımov, Natəvan Abbaslı, Nigar Güləhmədova, Həsənağa Məmmədov, Aynişan Quliyeva və başqaları yer alacaqlar.
Cəvahir