!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Natiq Cəfərli: “Əvvəllər metronun bağlanmasını anlayışla qarşılamaq mümkün olsa da…” - MÜSAHİBƏ

!Reklam – Yazi

“Metro açılandan sonra və ya açılmazdan öncə gediş haqqının artırılması haqda qərar verilə bilər”.

İqtisadçı Natiq Cəfərli Yenicag.az-a mini-müsahibəsində “Bakı Metropoliteni”nin fəaliyyətinin müxtəlif aspektlərinə dair sualları cavablandırıb.

– “Bakı Metropoliteni”nə dövlət büdcəsindən ötən il 40 milyon manat, bu il isə 39,2 milyon manat vəsait ayrılıb. Pandemiya səbəbindən metronun fəaliyyəti ötən il iyulun 4-dən etibarən, dayandırılıb. Bu vəziyyətdə Metropoliten üçün ayrılan vəsait necə idarə olunur?

– Çox güman ki, ayrılan vəsaitin bir qismi işçi heyətinin maaşının ödənilməsinə, digər qismi isə Metropolitenin texniki vəziyyətinin saz olmasına ayrılır. Çünki bəzi avadanlıqlar və qurğular var ki, onlar daim işlək vəziyyətdə olmalıdır. Metronun bağlı olması Metropolitenə heç nə qazandırmır, əlavə vəsait gətirmir. Lakin bildiyim qədər, fəaliyyətinin dayanmasına rəğmən, Metropoliten işçilərinin maaşları kəsilməyib və onlar aylıq məvaciblərini alırlar. Əslində, dövlət büdcəsindən dotasiya alan bəzi şirkətlər, o cümlədən, “Bakı Metropoliteni” effektiv fəaliyyət göstərməsə də, orada xərclərin şişirdilməsi faktlarına rast gəlmək mümkündür. Bu şirkətlərin ziyanla işlədiklərini qeyd etməsi bir problemdir və ciddi şəkildə araşdırılmalıdır.

– Digər aktual məsələ budur ki, metronun bağlı qalması nəticəsində ictimai nəqliyyatda müşahidə edilən sıxlıq etirazlara səbəb olur, işləyən vətəndaşlar az qala saatlarla yollarda qalır…

– Yaxın gələcəkdə metronun açılması ilə bağlı qərarın veriləcəyini gözləmək olar. Çünki mövcud şəraitdə virusa yoluxma sayında azalma müşahidə olunur. Təbii ki, metronun bağlı olması nəticəsində yerüstü ictimai nəqliyyatın üzərinə böyük yük düşüb. Vətəndaşlar bir məkandan digərinə getmək üçün daha çox zaman sərf edirlər. Eyni zamanda, avtobuslarda böyük sıxlıqlar yaranır və bu da virusun yayılmasına şərait yaradan əsas faktorlardan biridir. İlk vaxtlarda metronun bağlanmasını anlayışla qarşılamaq mümkün olsa da, uzun zaman bağlı qalmasının yaratdığı vəziyyət fonunda bu qərara dəyişiklik edilməsinə ehtiyac var.

– Metro açılandan sonra gediş haqqı artırıla bilər?

– Artıq bir neçə ildir ki, Metropoliten israrla bir sərnişini daşımanın maya dəyərinin 50-55 qəpik olduğunu bildirir. Təəssüf ki, bunun necə hesablandığı açıqlanmır. Əgər o parametrlər açıqlansaydı, mütəxəssislər hesabatda hansı meyarlara üstünlük verildiyini öyrənə bilərdilər. Nəzərə almaq lazımdır ki, büdcədən dövlət şirkətlərinə maliyyə yardımı ayrılması prosesinin sonlandırılması ilə bağlı ümumi bir qərar var. Bu halda metroda gediş haqqının artırılması ehtimalı yüksəlir. Ola bilər ki, metro açılandan sonra və ya açılmazdan öncə gediş haqqının artırılması ilə bağlı müəyyən qərarlar qəbul olunsun.

Gülşən Şərif

www.yenicag.az

2111
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv