NATO əsgərləri açıq şəkildə müharibəyə girir? – Rusiya adekvat tədbirlər görəcək

“NATO əsgərlərinin ukraynalı hərbçilərə təlim keçmək adı Ukraynaya göndərilməsi məsələsi çoxdandır ki, baş verir və onlar bunu gizlətmirlər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O, NATO hərbçilərinin ukraynalı əsgər və zabit heyətinə təlim keçmək adı ilə bu ölkəyə gəlməsinin pərdəarxası məqamlarına toxunub.

R. Bayramov xatırladıb ki, bu ilin əvvəllərində Polşanın xarici işlər naziri Radoslav Sikorski, baş nazir Donald Tusk və ölkə prezidenti Anjey Duda hazırda Ukrayna ərazisində Böyük Britaniya və Fransa hərbçilərinin həm kəşfiyyat məlumatlarının toplanması, həm əsgərlərə təlim keçməsi və yeni göndərilən silah-sursatdan istifadə qaydalarının öyrədilməsi, həm də NATO və Avropa İttifaqı tərəfindən göndərilən silah-sursatla bağlı məlumatlar vermişdilər.

“Bu isə heç kim tərəfindən inkar olunmur. Rusiyanın “qırmızı xətlər”i NATO hərbçilərinin birbaşa döyüşlərdə iştirakı ilə bağlı idi ki, NATO baş katib Yens Stoltenberq səviyyəsində belə bir şeyin olmayacağını dəfələrlə bəyan edib. Hətta ayrı-ayrı NATO ölkələri birbaşa döyüşlərdə iştirak etmək niyyətlərində olmadıqlarını ortaya qoyublar”.

Siyasi təhlilçi düşünür ki, NATO əsgərləri açıq şəkildə müharibəyə girməyəcəklər:

“Doğrudur, onlar açıq şəkildə istehkam qurğularının hazırlanmasında, həmçinin təlimlərdə iştirak edirlər, lakin onların ukraynalı hərbçilərlə çiyin-çiyinə vuruşması mümkün deyil. Ona görə ki indiki kəşfiyyat şəbəkələrinin aktiv olduğu bir dövrdə bunu gizlətmək də mümkün olmayacaq. Bu baxımdan, Rusiyanın “qırmızı xətlər”i faktiki olaraq pozulmur. Sadəcə olaraq, NATO hərbçiləri öz silahlarına nəzarəti, ondan düzgün istifadəni həyata keçirmək üçün təlim adı ilə oraya toplaşıblar”.

R. Bayramova görə, əgər NATO Ukraynanın tamamilə Rusiya tərəfindən işğal olunacağı halda, açıq şəkildə döyüşlərdə iştirak edəcək briqada, korpus və əsgər heyətini oraya göndərəcəksə, təbii ki, Rusiya adekvat tədbirlər görəcək:

“Çünki Rusiya nəinki əsgər məsələsinə, hətta ayrı-ayrı ölkələrin Ukraynaya verdiyi silahlardan Rusiya ərazisinin vurulması halında belə müvafiq addımları atacağını bəyan edib. O baxımdan, indiki halda əsgər heyətinin göndərilməsi “qırmızı xətlər”i aşmaq demək deyil”.

Qeyd edək ki, nüfuzlu “The New York Times” nəşri bununla bağlı yazmışdı ki, NATO müttəfiqləri Ukrayna əsgərlərinə təlim keçmək üçün Ukraynaya qoşun göndərməyə yaxınlaşır.

Rafi Müslümov