!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"NATO-nun durmadan Şərqə doğru böyüməsi Putini özündən çıxarır"

!Reklam – Yazi

“Qərb sivilizasiyasının qısa müddətli hədəfi Rusiyadırsa, uzunmuddətli strateji hədəfi Çinə qarşı effektiv mübarizə metodunu tapmaqdır”

Azər Qaramanlı: “Bu gün müsəlmanların ən böyük problemi odur ki, onlar, yəni müsəlman kütlələrin liderləri, möhtəşəm keçmişi gələcəyə çevirmək istəyirlər”.

Yeniçağ.az Azər Qaramanlının 10may.az saytına müsahibəsini oxucularına təqdim edir.

– Bir çox politoloq və analitiklər hesab edirlər ki, artıq bir neçə ildir ki, Üçünsü Dünya Müharibəsi başlayıb və hazırda pik səviyyədədir. Doğurdanmı hesab etmək olar ki, bu gün dünyanın bir çox bölgələrində baş verən lokal münaqişələr hər kəsin qorxduğu Üçünsü Dünya Müharibəsidir?

-Əslində dünya dövlətlərinin tarixi yaranandan dünya müharibələri gedir. Və bu gün onların sayını belə söyləmək mümkün deyil. Yəni dövlətlərin siyasətinin mahiyyəti özü-özlüyündə dünya müharibəsi idi. Misal üçün Makedoniyalı İsgəndərin Şərqə yürüşü dünya müharibəsi deyilmi? Ya da Atillanın Qərbə yürüşü. Daha çonra Çingiz xanın rəhbərliyi altında türk-monqol ittifaqının Çini və bütün müsəlman torpaqlarını, həmçinin bütün Şimal və Qərb torpaqlarının bir hissəsini istilala eimələri? Ya da Səlcuqların Anadoluya girişi, həmçinin Osmanlının Qrbə doğru hərəkatı? Ya da xristian dövlətlərin Yaxın Şərqə səlib yürüşləri? Bunlar da əslində dünya müharibələridi.

Dünya tarixindən bu siyahını kifayət qədər artırmaq olar. Yəni Birinci Dünya Müharibəsinin məhz 1914-cü ildə başladığını iddia eləmək doğru deyil. 1914-cü ildə növbəti dünya savaşlarından biri oldu və öz miqyası ilə doğurdan digər dünya savaşlarından daha böyükdü. Çünki texnologiya fərqli idi və bu muharibədə ilk dəfə kütləvi qırğın silahlarından istifadə olundu.

1488528653_17092324_1487098787980886_2061320391_n
Azər Qaramanlı: “Qərb sivilizasiyasının hegonomiyası hələ uzun müddət davam edəcək”.

– Hər halda ümumi formalaşmış fikir belədi ki, iki dünya müharibəsi baş verib.

– Elədir. Amma Bizim Birinci və İkinci Dünya Müharibələri dediyimiz müharibələr 20-ci əsri formalaşdıran müharilərdi. Birinci Dünya Müharibəsi Qərb mədəniyyətini tam olaraq hegemon hala gətirə bilmədi. Daha doğrusu Qərb mədəniyyətini birləşdirib bir tək vücud halına gətirə bilmədi.

Birinci Dünya Müharibəsində qarşıduran tərəflərin əsas hədəfi Osmanlı İmperiyasının geosiyasi mənfəəttlərini bölüşmək idi. Daha doğrusu Avropa gücləri 600 ildən sonra bu geosiyasi mənffətləri paylaşa bilmədiklərinə görə Birinci Dünya Müharibəsi baş verdi. Ancaq bu müharibənin nəticələri gözlənilənin qat-qat üstündə oldu. Məsələ orasındadır ki, Birinci Dünya Müharibəsi tək Osmanlı İmperiyasını xəritədən silmədi. Avropanın ən qocaman imperiyalarından Avstriya-Macarıstan imperiyasını, Avropanın ən yeni və çiçəklənən imperiyası olan Almaniya imperiyasını və Osmanlı imperiyası ilə yanaşı bir Avrasiya imperatorluğu olan Rusiya imperatorluğuna son verdi. Böyük Britaniya imperatorluğu isə bu savaşdan can verməkdə olan bir imperiya olaraq çıxdı.

Yəni faktiki olaraq Birinci Dünya Müharibəsi Avropa coğrafiyasındakı bütün imperiyaların süqutuna səbəb oldu. Halbuki bu imperiyaların hədəfi məhz Osmanlı imperiyasının geosiyasi mənffətlərinə sahib olmaqdı.

İkinci Dünya Müharibəsi isə ona görə baş verdi ki, Birinci Dünya Müharibəsi Avrasiyada tamamilə fərqli bir geosiyasi vəziyyət yaratdı. Avropada və hər zaman dünyanın geosiyasi göbəyi rolunu oynayan Yaxın və Orta Şərqdə yeni milli dövlətlərin yaranması tamamilə fərqli maraqlar və tamamilə fərqli geosiyasət şəkilləndirdi. Ona görə də öz miqyasına görə tarixin heç bir zaman görmədiyi bir savaş baş verdi. Hansı ideologiyaların bu savaşı yönləndirməsindən və qidalandırmasından asılı olmayaraq, İkinci Dünya Müharibəsi yeni dünya modelinin yaranması ilə nəticələndi.

Bu savaşın nəticələri Birinci Dünya savaşının nəticələrindən tamamilə fərqli siyasi dəyərlərin və geosiyasətin yaranmasına səbəb oldu.

1. Hər şeydən əvvəl ABŞ Yaponiyaya atom bombası atdıqdan sonra belə məlum oldu ki, artıq qlobal müharibə eləmək olmaz. Bu mümkün deyil. Çünki qlobal müharibənin qalibinin olması imkansız hala gəlmişdi və hər kəsə aydın oldu ki, savaşan bütün tərəflər uduzmağa, daha doğrusu məhv olmağa məhkumdur.

2. İkinci Dünya Müharibəsi Qərb mədəniyyətini birləşdirdi və bir vücud halına gətirdi. İkinci Dünya Müharibəsinin nəticəlrinə baxılırsa, bu Avropanın və ABŞ-ın əsas qələbəsi oldu.

3. Savaşın əsas qalibi SSRİ, daha doğrusu Rusiya oldu və Şərqi Avropanı ələ keçirən SSRİ Avrasiya geosiyasətinin əsas oyunçusuna çevrildi. Ona qarşı cənub sərhədlərində Çin və Qərb sərhədində isə Avropa mədəniyyətləri formalaşdı. Və onu da deyim yeni güc mərkəzi ABŞ olmasaydı, Qərbi Avropa SSRİ-nin qarşısında tab gətirə bilməzdi.

4. Bundan başqa dünya faktiki olaraq iki qütblü güc mərkəzinin nəzarətinə keçdi. Daha doğrusu hər kəsin ikiqütblü dünya adlandırdığı yeni dünya nizamı sistemi əslində üç qütblü idi. Çünki Çin heç də SSRİ qütbündə yer almırdı və tamailə müstəqil qütb kimi davranırdı.

Onu da deyim ki, 20-ci əsrin əvvəllərində sadəcə Osmanı imperyasının mirasını paylaşmaq və sadəcə Yaxın Şərqdə İsrail dövlətini yaratmağı planlayan Birinci Düyna Müharibəsinin memarları 50 ildən sonra yaranmış mənzərəni heç xəyal belə edə bilməzdilər. Halbuki, iki dünya müharibəsində 80 milyon artıq insanın həyatına son verən böyük savaş tamamilə yeni bir dünya nizamı formalaşdırdı. Və qeyd edim ki, artıq qlobal müharibənin imkansızlığı ortada olduğu üçün Üçüncü Dünya Müharibəsi əslində İkinci Dünya Müharibəsinin həmən ardından başladı. Tarixə “soyuq savaş” olaraq düşən müharibə əslində bu gün hər kəsin qorxduğu Üçüncü Dünya Müharibəsi idi. 90-cı illərin əvvələrində bu savaş Qərb mədəni dəyərlərinin və iqtisadi-texnoloji inkişafının sayəsində tam olaraq qalib gəldi və nəticədə İkinci Dünya Müharibəsinin nəticələri ortadan qalxdı və daha fərqli bir geosiyasi, geoiqtisadi nizam formalaşdı.

–Təkqütblü sistemi idarə etmək üçün ABŞ-ın gücü nə vaxta qədər yetərli ola bilər?

– Əslində böyük əksəriyyətin iddia elədiyi kimi tək qütblü dünya nizamı təksə ABŞ-ın hegemoniyasından ibarət deyil. Yuxarı da qeyd elədiyim kimi, İkinci Dünya Müharibəsinin sonucunda Qərb mədəniyyəti tək bir vücud halına gəldi ki, tək qütblü dünya dedikdə də, təbii olaraq Qərb sivlizasiyasının hegemoniyası nəzərdə tutulmalıdır. Yəni ABŞ bu gün dünya üzərində ki, siyasi və iqtisadi hehemoniyasını Avropa Birliyi, Kanada, Yaponiya kimi Qərb mədəniyyəti üzvlərinin şərikli bir halda həyata keçirir. Sadəcə ABŞ bu qütbün siyasi və hərbi mərkəzi kimi çıxış edir. Hesab edin ki, ABŞ böyük bir bədənin başıdı. Amma bu bədəninin digər orqanları da çox önəmlidir və onlarsız olmaz.

Mən hesab edirəm ki, Qərb sivilizasiyasının hegonomiyası hələ uzun müddət davam edəcək. Ola bilsin 100 il, ola bilsin bir neçə yüz il. Bunu hər şeydən əvvəl sivilizasiyaların inkişaf səviyyəsi və tempi deyir. Qərb sivilizasiası islam sivilizasiasından təqribən 150 il, Rusiyanın tətbiq etmək istədiyi Avrasiya sivilizasiasından 100 il, hind sivilizasiasından da 100 il, Çin sivilizasiyasından isə təqribən 50 il irəlidədi. Bu durumda təbii ki, Qərb sivilizasiasının hegemoniyası hələ davam edəcək.

– Qərb sivilizasiasını hansı sivilizasiya əvəz edə bilər?

– Bunu zaman göstərəcək. Və mən hesb eləmirəm ki, biz o günü görəcəyik. Tamamilə hibrid bir yeni sivilizasiya da yaranıb sürətlə önə keçə bilər. Lakin buna yüz illər lazımdı.

Azər Qaramanlı: “Möhtəşəm keçmişin kölgəsi altında güclə görünən zəlil və rəzil reallıq müsəlmanlarda ciddi şəkildə psixoloji travma yatardı”.

– Artıq demək olar ki, hər kəs islam sivilizasiyasını terorizmlə eyniləşdirir. Bu nədən baş verdi? Nəyə görə İslam sivilizasiyası terrorizmə yuvarlandı?

– Təqribən 16-cı əsrə qədər, yəni Avropa dənizçilərinin cahanşümal kəşflərinə qədər İslam sivilizasiyası dünyaya hökm edirdi. Bütün yeniliklər və texnoloji inkişaf da, İslam sivilizasiyasına aid idi. Çünki Çindən və Hindistandan Avropaya gedən bütün yollara müsəlman dövlətləri nəzarət edirdi. Çinə və Hindistana gedən dəniz yolu, həmçinin Amerika kəşf olunduqdan sonra bu yollara nəzarət öz əhəmiyyətini itirdi və islam dünyası böyük tənəzzülə qədəm qoydu. Tənəzzül hələ də davam edir.

Lakin neft erası başladıqdan sonra islam ölkələri sürətlə varlanmağa başladılar və bir də gözlərini açıb gördülər ki, əslində Qərb sivilizasiyasından dəhşətli dərəcədə geri qalıblar. “Soyuq savaş” bitməyə doğru gedərkən və sərhədlər açılırkən islam dünyası özünü maddi və mənəvi sərvətləri tamamilə sömürülmüş, zülmə və haqqsızlığa məruz qalmış, təcrid olunmuş və bütün haqqlarından məhrum olunmuş bir şəkildə tapdı. Bu sırf psixoloji bir durum idi.

Möhtəşəm keçmişin kölgəsi altında güclə görünən zəlil və rəzil reallıq müsəlmanlarda ciddi şəkildə psixoloji travma yaratdı. Lakin buna baxmayaraq müsəlmanlar bu gün kifayət qədər ciddi bir geosiyasi oyunçu kimi ortaya çıxıblar və onların silahı terrordur.

Hər şeyi ilə, bütün sahələrdə və aspektlərdə Qərb mədəniyyətindən asılı olduğunu görən islam dünyası əslində əlində olan imkanlarla onu aşağılayan Qərb mədəniyyətinə qarşı savaşa qalxdı və güclər nisbəti tamamilə fərqli olduğuna görə müsəlmanlar təbii olaraq partizan savaşı metodunu, yəni terrorizmi seçdilər.

Bir çoxlarının iddia etdiyi kimi islam terroru əslində Qərb dövlətləri tərəfindən tətiklənmir. İslam terroru dedikdəri sadəcə müsəlmanların çarəsizlikdən və çıxış yolu tapa bilmədiklərindən verdikləri mübarizədən başqa bir şey deyil. Mahiyyət onlan ibarətdir ki, Qərb sivilizasiyası qarşısında islam dünyası psixoloji, iqtisadi, hərbi və texnoloji gerilik o səviyyədədir ki, müsəlman kütlə dini aspektlərdən yararlanaraq revanş qazanacağını və möhtəşəm keçmişi geri qaytaracağını zənn edir. Buna görə də kütləyə azacıq təsir etməyə imkanı olan hər kəs avtomatik olaraq dini radikalizmi körükləyirlər. Bu əslində faciədir.

Bu gün müsəlmanların ən böyük problemi isə odur ki, onlar, yəni müsəlman kütlələrin liderləri, möhtəşəm keçmişi gələcəyə çevirmək istəyirlər. Halbuki o keçmişdə yeni dünya dəyərlərindən heç nə yoxdur. Bu bizim beynimizin ciddi prolemidir və acizlikdən doğan simptomdan başqa deyil. Yəni islam terrorizmi əslində çarəsizlik sindromudur.

Amma hesab edirəm ki, müəyyən zaman çərçivəsindən sonra müsəlmanlar bu tupikdən çıxacaq. Buna nə qədər zaman gedəcək, deyə bilmərəm. Bəlkə də on illər, bəlkə də yüz illər. Amma əminəm ki, islam sivilizasiyası bir daha dünyanın ən aparıcı sivilizasiyası olacaq.

Azər Qaramanlı: “Heç bir halda nə Rusiya, nə İran, nə də Türkiyə Yaxın və Orta Şərqdə baş verən böyük oyundan kənarda qala bilməzdi”.

– Konret olaraq sizcə hazırda dünyada nə baş verir? Yəni birinci sualımıza qayıdaq…

– Hazırda dünyada baş verənləri mən, şərti olaraq Dördüncü Dünya Müharibəsi olaraq görürəm. Tam olaraq bu savaş 2008-ci ildə Rusiya Cənubi Oseytiyanı müdafiə etmək adı altında Gürcüstana ordu yeritdiyi zaman başladı. Bununla Rusiya “dizləri üstündən qalxdığını” bütün dünyaya nümayiş etdirdi və açığı Qərb Putinin dikbaş həyasızlığı qarşısında şaşırdı. Rusiya faktiki olaraq yenidən bir geosiyasi oyunçu olaraq beynəlxalq siyasətə girdi. Və bu dünya nizamındakı daşları yerindən oynatdı.

Daha sonra “ərəb baharı” baş verdi və Qərb faktiki olaraq “ərəb baharı”na start verməklə “cini şüşədən çıxarmış” oldu. Qərbin məqsədi Rusyianın böyük neft gəlirləri səyəsində rahat və sakit şəkildə inkişafını əngəlləmək idi. Və məncə bu dahiyanə geosiyasi gediş idi.

Rusiyanın Qərbdən texnoloji inkişaf sahələrində çox geri qaldığını nəzərə alarsaq, əslində Qərbin hesabları doğrudan mükəmməldi. Bir tərəfdən Rusiyanın əsas gəlir yeri olan neftin qiyməti aşağı düşür, digər tərəfdən isə dünyada xaotik durum yaranır və Rusiya ciddi geosiyasi münaqişələrə cəlb olunur. Üstəlik NATO-nun durmadan Şərqə doğru böyüməsi və faktiki olaraq Rusiya sərhədlərinə dayanması Putini özündən çıxarır.

“Ərəb baharı” faktiki olaraq Yaxın və Orta Şərqi yenidən qaynar qazana çevirdi. 2008-ci ildə həddindən artıq həyasızcasına Gürsütan torpaqlarını ilhaq edən Rusiya getdikcə daha böyük münaqişələrə cəlb olunmağa başladı və ən maraqlısı odur ki, öz qürurunun əsiri olan Putinin həyasız davranışları getdikcə daha da artdı. Halbuki mən hesab edirəm ki, Qərbin siyasi texnloqlarının əsas hədəfi də məncə budur. Rusiyanı geridönməz yola soxmaq. Hesab edirəm ki, bu anlamda Qərb üçün Putin qətiyyən problem yaratmır.

2013-cü ildə “ərəb baharı” sona çatdığında gördüyümüz mənzərə doğurdan Dördüncü Dünya Müharibəsinin miqyasını ortaya qoymuş oldu. Heç bir halda nə Rusiya, nə İran, nə də Türkiyə Yaxın və Orta Şərqdə baş verən böyük oyundan kənarda qala bilməzdi. Lakin Suriya münaqişəsi istər Rusiyanın, istər İranın, istərsə də Türkiyənin siyasi, iqtisadi və hərbi resurslarını tükətməkdədir.

Bu gün Rusiyanın, İranın və Türkiyənin bütün resursları Suriya üzərində cəmlənib. Rusyia öz resurlarının böyük bir qismini həmçinin Ukraynaya sərf edir və məlumdur ki, bu şəkildə öz resurslarını sərf edən Rusiya təbii olaraq bir neçə ildən sonra tükənəcək. Bu bəlkə də daha uzun sürən bir prosses ola bilər. Lakin bütün hallarda Rusiyanın resusrları Qərbin resurları qarşısında çox məhduddur və tükənməsi qaçınılmazdır.

Bu üzdən Qərbin Dördüncü Dünya Müharibəsində tətbiq etdiyi taktika maraqlı taktikadır və bu taktikadan daha əvvəl “soyuq savaş” dönəmində Qərb kifayət qədər uğurla istifadə edib. Yuxarıda qeyd elədiyim kimi, paralel olaraq Rusyia iqtisadiyyatının təməlini təşkil edən neft qiymətlərinin iki dəfədən artıq aşağı düşməsini də təsadüfi qəbul etmək mümkün deyil.

Ukraynada baş verənlər isə təbbi ki, Rusyanın yan həyətində yanğın yaratmaqdır. Və təbii olaraq Rusiya bu yanğını öz nəzarəti altına almağa çalışır. Buna görə də Krım ilhaq olundu, Donbasda münaqişə yaradıldı və donduruldu.

Hazırkı vəziyyət elədir ki, dünya qlobal şəkildə dəyişir. Və bu dəyişimdə yeni yeni qütblər özlərini ortaya atmış olurlar. Bu geosiyasi oyunçular arasında ən maraq doğuran tərəf yenə də Çindir. Çin Rusiyanın heç bir oyunun alətinə çevrilmədən ABŞ-la, bütövlükdə Qərb dünyası ilə öz qlobal mübarizəsini aparır. Dördüncü Dünya Müharibəsinin əsas aparıcı qütblərindən biri olaraq Çin öz maraqlarını hələ ki, Sakit Okean hövzəsində cilovlaya bilir. Çünki resurslarını qorumağa çalışır. Çindən fərqli olaraq Rusiya isə bütün resurslarını səfərbər etməkdədir. Ona görə də hesab edirəm ki, Qərb sivilizasiyasının qısa müddətli hədəfi Rusiyadırsa, uzunmuddətli strateji hədəfi Çinə qarşı effektiv mübarizə metodunu tapmaqdır.

Azər Qaramanlı: “Əslində Rusiyanın da, Türkiyənin də, İranın da taleyi Suriyadan asılıdır”.

– Sizcə şərti olaraq Dördüncü Dünya Müharibəsi adlandırdığınız bu bu savaşdan Türkiyə necə çıxacaq?

-Mən hesab edirəm ki,bu savaş İrana da və Türkiyəyə də ciddi təsirləri olacaq. Avropa Türkiyəni öz içinə almadığına görə hazırda Türkiyə keçmiş müttəfiqlərindən faktiki olaraq ayrılıb. Onun sərhədləri ətrafında isə hərbi fazaya qədəm qoyan böyük geosiyasi proseslər gedir. Ən azından bir neçə ildən sonra Kürdüstan dövlətinin yaranması qaçınılmaz görünür və bu da Türkiyənin ərazi bütövlüyü üçün çox böyük problemdir.

Hazırkı durumda Türkiyə üçün həyat əhəmiyyətli məsələ ərazi bütövlüyünü və unitar dövlət təməlini qoruyub saxlamasıdır. Bunu Türkiyənin hakimiyyəti də yaxşı başa düşür və bu üzdən də hakimiyyəti avtoritarlaşdırırlar. Lakin avtoritarlaşdırılmış hakimiyyət Türkiyəni xilas edə biləcəkmi? Bu doğurdan Türkiyə üçün zamanın əsas sualıdır və cavabı hələ ki, yoxdur. Bu dönəm də Türkiyənin seçəcəyi başqa bir alternativ ola bilərdimi? Bu sualın cavabı belə yoxdur.

İrana gəlincə isə, Qərb təbii ki, İranın parçalanmasını istəmir, lakin İranı idarə etmək istəyir. Suriya məsələsi öz həllini tapmadan isə İranda dəyişikliyə nail olmaq mümkün deyil.

Əslində Rusiyanın da, Türkiyənin də, İranın da taleyi Suriyadan asılıdır və bu ölkədə Bəşər Əsədin hakimiyytdə qalması istər Rusiya, istərsə də İran üçün həyat əhəmiyyəti daşıyır. Lakin Türkiyə üçün Əsəd rejiminin taleyinin əhəmiyyəti yoxdur. Türkiyə üçün problem daha böyükdür.

Hesab edirəm ki, durmadan Əsəd rejimini devirməyə cəhd eləməsi Ərdoğanın strateji səhvi idi. Suriya problemi başladıqda Rusiya və İran faktorunu nəzərə almayan Ərdoğan keçmişdən problemi olan Suriya hökümətini gözdən çıxartdı və hesab elədi ki, Bəşər Əsəd ən qısa zamanda hakmiyyətdən gedəcək. Lakin Bəşər Əsədin hakimiyyətdə qalması Rusiya və İran üçün çox önəmliydi. Ərdoğan məhz bu faktoru nəzərə almadı.

Halbuki, Ərdoğan Suriyada münaqişənin başlanğıcında Əsəddən yana yer alsaydı, indi danışıqlar masasında daha güclü kartlara sahib olacaqdı. Ən azında bu önəmli kartların bir çoxu Putinin əlində deyil, Ərdoğanın əlində olacaqdı və Qərb Rusiyadan daha çox, Türkiyə ilə hesablaşacaqdı.

Türkiyənin Suriya məsələsində hazırkı durumu elədir ki, o həm Rusiya və İrandan, həm də Qərb dövlətlərindən özünü qorumalıdır. Və manevr etmək imkanları həddindən artıq məhduddur. O üzdən Suriya məsələsində Türkiyə üçün təhlükə Rusiya və İran üçün olduğundan daha böyükdür.

Türkiyə üçün təhlükənin başqa bir tərfi isə bu ölkədə avtoritar rejimin yeni qurulmasıdır. Daha doğrusu Ərdoğan buna cəhd edir. Bu cəhd uğursuz olduğu şəraitdə isə Türkiyədə xaos mühiti yaranacaq ki, bu Türkiyə üçün ən böyük təhlükədir. Biz ancaq dua edə bilərik ki, hər şey Türkiyə üçün yaxşı qurtarsın. Lakin, açığı mənim buna ümidim çox azdır.

Azər Qaramanlı: “Durmadan Əsəd rejimini devirməyə cəhd eləməsi Ərdoğanın strateji səhvi idi”.

– Sizcə Dördüncü Dünya Müharibəsini kim qazanacaq?

– Məncə yuxarıda bu sualın cavabı verilib. Savaşı Qərb dünyası qazanacaq. Qərb dünyasının bütün resursları da buna hesablanıb. Lakin savaşın bitməsindən sonra hansı geosiyasi vəziyyət ortaya çıxacaq? Əsas sual budur. Ola bilsin ki, savaşdan Qərb dünyasının heç hesablamadığı və xəyal etmədiyi bir nəticə ortaya çıxsın. Ümumilikdə isə hesab edirəm ki, 21-ci əsr dünya düzəni tam olaraq 40-cı illərin sonlarında formalaşacaq.

Yeniçağ.az

www.yenicag.az

942
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv