NATO-nun İdliblə bağlı iclası bitdi -AÇIQLAMA/YENİLƏNDİ

İclasdan sonra NATO-nun baş katibi Yens Stoltenberq açıqlama verib.

Yenicag.az xəbər verir ki, baş katib “Hücumu qınayırıq, NATO Türkiyənin tərəfindədir və öz köməyini göstərəcək” deyə bildirib.

Həmçinin dünən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə arasında telefon danışığı olduğunu qeyd edib. “Suriyadakı vəziyyəti müzakirə etdik. Türkiyəyə baş sağlığı dilədim”.

Bəşər Əsəd rejiminin və Rusiya qüvvələrinin İdlib vilayətinə etdiyi hava hücumlarını şiddətlə qınadığını vurğulayıb. “Onları hücumları dayandırmağa, beynəlxalq hüquqa hörmət etməyə və BMT-nin sülhün əldə olunması istiqamətində səylərini dəstəkləməyə çağırıram. Bu təhlükəli vəziyyət aradan qaldırılmalıdır. Biz tərəfləri sülhü bərpa etməyə çağırırıq.

Türkiyə ən çox terror hücumlarından əziyyət çəkib və milyonlarla qaçqına ev sahibliyi edir. NATO müxtəlif addımlarla Türkiyəni dəstəkləməyə davam edir. NATO vəziyyəti diqqətlə izləməyə davam edəcək”. deyə qeyd edib

***

NATO-nun Suriyadakı vəziyyət ilə bağlı iclası başlayıb.

***

NATO-nun Suriyadakı vəziyyətlə bağlı təcili iclası keçiriləcək.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Suriyanın İdlib şəhərində Türkiyə hərbçilərinə qarşı reallaşdırılan hücumdan sonra NATO-nun Baş katibi Yens Stoltenberq təcili iclas keçirəcəyi barədə qərar verib.

Vaşinqton müqaviləsinin 4-cü maddəsinə əsasən, Türkiyənin Suriyadakı vəziyyətlə bağlı məsləhətləşmələr keçirilməsi tələbinin ardından NATO-ya üzv 29 ölkənin səfirlərini özündə birləşdirən Şimali Atlantika Şurası bir araya gələcək.

Qeyd edək ki, Vaşinqton müqaviləsinin 4-cü maddəsinə əsasən, hər hansı bir NATO müttəfiqinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid altında olarsa həmin ölkə məsləhətləşmə tələb edə bilər.

Xatırladaq ki, ötən gecə İdlibdə Rusiyanın dəstəklədiyi Bəşşar Əsədə sadiq qüvvələrin hava hücumu nəticəsində 33 Türkiyə hərbçisi şəhid olub.

COP29