Rusiya Xarici İşlər Nazirliyi NATO-ya üzv ölkələrin kəşfiyyat xidmətlərinin yüksək səviyyəli nümayəndələrinin Bakıya tez-tez səfərlərini şərh edib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
Xüsusilə, söhbət Pentaqonun kəşfiyyat departamentinin Avropa-Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prayor və Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin rəhbəri Riçard Murun səfərlərindən gedir.
“Şübhəsiz ki, təcavüzkar hərbi blokun, NATO-ya üzv dövlətlərin nümayəndələrinin bu cür səfərləri regionda təhlükəsizliyin və sabitliyin artırılmasına töhfə vermir. Biz hamımız çox gözəl başa düşürük ki, Qərbin səyləri Rusiya ilə qonşu ölkələrdə vəziyyətin sabitliyini pozmağa yönəlib. Azərbaycanlı və MDB üzrə tərəfdaşlarımızla birlikdə biz NATO ilə əməkdaşlığın dərinləşdirilməsinin risklərini izah etməyə davam edəcəyik”, – Zaxarova deyib.