NATO-nun “Substantiv NATO-Gürcüstan paketi” çərçivəsində təlimlər keçirildi – FOTO

NATO-Gürcüstan hərbi əməkdaşlığını əhatə edən “Substantiv NATO-Gürcüstan paketi” çərçivəsində Tbilisidə növbəti tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, bu paket çərçivəsində fevralın 26-27-də Gürcüstanın Müdafiə Qüvvələrinin Logistika Departamentinin hərbi qulluqçuları üçün “Logistika-informatik sistemlərinin məruzəsi” adlı kurs təşkil olunub. Kursda Macarıstandan gəlmiş mütəxəssislər gürcü həmkarları ilə öz təcrübələrini bölüşüblər. Macar təlimçilər logistika-informasiya sistemlərinin təşkili ilə bağlı əhəmiyyətli informasiyaları gürcü hərbçilərə çatdırıblar.

Kursun əsas məqsədi logistika sahəsində şəxsi heyətin NATO standartlarına uyğun olaraq hazırlanması, eyni zamanda, döyüş və sülhməramlı əməliyyatlarda hərbi qulluqçuların daha hazırlıqlı iştirakını təmin etməkdir.

Məlumat üçün qeyd edək ki, “Substantiv NATO-Gürcüstan paketi” çərçivəsində Gürcüstan NATO-ya inteqrasiya ilə bağlı bir sıra öhdəliklər götürüb. Rəsmi Tbilisi həmin öhdəlikləri yerinə yetirmək üçün müəyyən tədbirlər görür. Bu təlim də həmin tədbirlərin tərkib hissəsidir. Paket çərçivəsində bir sıra ölkələrin nümayəndələri gürcü hərbçilər üçün təlimlər keçirlər./AZƏRTAC/