NATO Qərbi Ukrayna üzərində səmanın bağlanması imkanlarını müzakirə edir.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Bild” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, bəzi NATO ölkələri Kiyevə dəstəyi genişləndirməyə və birbaşa Ukrayna ərazisində fəaliyyət göstərməyə hazırdır.
“Estoniya, Böyük Britaniya, Polşa, Kanada, Litva və Fransa yardımın genişləndirilməsinin tərəfdarıdırlar. ABŞ və Almaniya isə buna qarşıdırlar. Hələlik yekun qərar yoxdur, lakin eyni vaxtda bir neçə sahə üzrə danışıqlar aparılır”, – deyə məlumatda qeyd edilir.
Qəzet yazır ki, Ukrayna Silahlı Qüvvələri əsgərlərinin NATO təlimatçılarının Ukrayna ərazisində təlim keçməsi müzakirə edilir. Həmçinin, “Bild”in xəbərinə görə, Böyük Britaniya, Kanada və Estoniya da daxil olmaqla bir sıra NATO ölkələri gələcəkdə silah və sursatları təkcə Ukrayna sərhədlərinə deyil, eləcə də, cəbhə xəttinə çatdırmağa hazırdır. KİV əlavə edib ki, hazırda bir sıra Qərb ölkələrində “qabaqcıl logistika” konsepsiyası hazırlanır.
Bundan əlavə, nəşrin analitiklərinin fikrincə, Qərbi Ukraynanın hava məkanının NATO-nun zenit sistemləri ilə qorunması da müzakirə olunur. İddia olunur ki, “genişləndirilmiş hava hücumundan müdafiə”nin təşəbbüskarı Polşadır, lakin hələlik yekun qərar yoxdur.
Rafi Müslümov