NATO-nun yeni baş katibi səlahiyyətlərinin icrasına başladı

NATO-nun Brüsseldəki mənzil-qərargahında NATO baş katibinin səlahiyyətlərinin Yens Stoltenberqdən Mark Rutteyə verilməsi ilə bağlı rəsmi mərasim keçirilib.

Yenicag.az xəbər verir ki, çıxışı zamanı Rutte etimada görə bütün müttəfiqlərə təşəkkür edib və Stoltenberqin Alyansın möhkəmlənməsinə töhfəsini qeyd edib.

Rutte vurğulayıb ki, o, NATO-nu gələcək çağırışlara hazırlamaq niyyətindədir. O, öz prioritetləri sırasında Alyansın gücünü qoruyub saxlamaq, kollektiv müdafiənin bütün təhdidlər qarşısında effektiv və etibarlı qalmasını təmin etmək, müdafiə xərclərini və investisiyaları artırmaq, Ukraynaya dəstəyi gücləndirmək və onu NATO üzvlüyünə yaxınlaşdırmağı sadalayıb.

O, həmçinin Asiya-Sakit okean regionu kimi regionlarda ortaq dəyərləri bölüşən tərəfdaşlarla və ilk növbədə Avropa İttifaqı ilə əməkdaşlığın vacibliyini qeyd edib.

Rutte vurğulayıb ki, Ukrayna NATO-ya üzv olmalıdır. “Güclü və müstəqil Ukrayna olmadan Avropada uzunmüddətli təhlükəsizliyi təmin etmək mümkün deyil”, o əlavə edib.

O, Avropa İttifaqını NATO üçün “unikal və mühüm tərəfdaş” adlandırıb və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Nəsimi Ələsgərli

COP29