Son zamanlar Qərbdə Türkiyəyə münasibətdə yaşanan qərəzli mövqe çərçivəsində bəzi dairələr tərəfindən Ankaranın NATO-dan kənarlaşdırılması məsələsi də gündəmə gətirilir. Qeyd edək ki, Türkiyə artıq 65 ildir ki, NATO-nun üzvüdür. Hətta təkcə üzv yox, bu quruma daxil olan dövlətlər içərisində hərbi güc və potensialı baxımından ABŞ-dan sonra ikinci yeri tutur. Bu isə o deməkdir ki, Türkiyə NATO-da xüsusi rola və əhəmiyyətə malik bir ölkədir.
Maraqlıdır, bəs görəsən Türkiyə bəzilərinin istədiyi kimi NATO-dan uzaqlaşdırılarsa, bu, qurum üçün nə kimi itki olacaq?
Politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında qeyd etdi ki, Ankaranın NATO-dan çıxarılması sözügedən qurumun özünə ölüm hökmü yazmasına bərabərdir:
“Türkiyənin NATO-dan çıxarılmalı olduğu barədə son zamanlar Qərbdə səslənən fikirlər bir görüntü xarakteri daşıyır. Düşünürəm ki, belə fikrin ortaya atılmasında əsas hədəf heç də Türkiyənin NATO-dan çıxarılması məsələsi deyil. Burada əsas məqsəd Türkiyə hakimiyyətinə təsir etməklə onu bütövlükdə hazırda yürütdüyü siyasətdən geri çəkilməyə məcbur etməkdir.
Bu mənada Türkiyənin NATO-dan kənarlaşdırılması qurumun strategiyasına ziddir. Türkiyə əksinə, qurum üçün olduqca mühüm əhəmiyyət kəsb edən önəmli və həlledici bir ölkədir. NATO-nun, bütövlükdə Avroatlantik məkanın cənub sərhədlərinin qorunması bilavasitə Türkiyə ilə bağlıdır. Yəni Türkiyə Rusiya, Yaxın Şərq və Çin kimi dövlətdən NATO-ya qarşı yönələn təhlükənin qarşısında dayanan, həlledici əhəmiyyət kəsb edən bufer zonasıdır. Türkiyə NATO-nun ən güclü 5 ölkəsindən biridir. Belə bir ölkənin NATO-dan çıxarılması əslində, qurumun strategiyasının tamamilə məhv olunması anlamına gələcək. Hazırda NATO ciddi sıxıntılar yaşayır. Çünki ABŞ-da Tramp hakimiyyətə gələndən sonra Avropa Birliyilə strateji müttəfiqlik istiqamətində ciddi gərginliklər yaşanır. Qurumda artıq mərkəzdənqaçma meyilləri hiss olunur.
Bunun bariz nümunəsi kimi, Avropa Birliyi ordusunun yaradılması istiqamətində verilən strateji qərarı göstərmək olar. Belə bir vəziyyətdə Türkiyənin də NATO-dan çıxarılacağı düşünülərsə, artıq bu vəziyyət NATO-nun tamamilə məhvi, dağılması anlamına gələcək”.
ELÇİN