!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"NATO Suriyadakı əməliyyatlara dəstək verməyəcək" – Sabiq səfir ilə MÜSAHİBƏ

!Reklam – Yazi

Türkiyə Xarici İşlər Nazirliyinin keçmiş məsləhətçisi, Türkiyənin Almaniyadakı keçmiş səfiri, Cümhuriyyət Xalq Partiyasının sabiq millət vəkili Onur Öymən Yenicag.az-a müsahibə verib.

– İncirlik hərbi bazası zəminində Türkiyə və Almaniya arasında, eləcə də terrorla mübarizə mövzusunda Türkiyə və NATO arasında yaranan fikir ayrılıqlarının pərdə arxasında nələr dayanır?

– Türkiyə- Almanya əlaqələrində zaman-zaman problemlər olur. Bunun səbəbi sadəcə, alman millət vəkillərinin İncirlik aviobazasını ziyarət etmək istəməsi ilə bağlı deyil. Daha köklü səbəblər var. Ən əsası uzun müddətdən bəri iqtidarda olan Xristian Demokrat partiyası Türkiyənin Aİ-yə tam üzv olmasını qəbul edə bilmir. Türkiyə üzvlük danışıqlarına başlayanda Almaniyada Sosial Demokrat və Yaşıllar koalisiyası var idi. Ondan əvvəl üst-üstə Xristian Demokrat partiyası çoxluqda olmaqla koalisiya hökumətləri quruldu. O zaman bir çox ölkə üzvlük danışıqlarına başladı, daha sonra Şərqi və Orta Avropa ölkələrinin hamısı ilə bu prosesi davam etdirdilər, lakin Türkiyə ilə bu mərhələni başlatmadılar. Türkiyənin üzvlük danışıqları Xristian Demokrat partiyasının iqtidarda olmadığı vaxtda əsası qoyuldu, hakimiyyətə bu partiya gəldikdən sonra isə yubatma, prosesi ağırlaşdırma, əngəlləmə mərhələsi başladı. Nə üçün? Xristian Demokratlar öz qurultaylarında açıqca qərara aldılar ki, Türkiyəyə tam üzvlük yox, xüsusi status vermək lazımdır. 4 mart 1997-ci il Avropadakı xristian-demokrat liderlər Brüsseldə iclas keçirdilər. O iclasdan sonra xristian-demokrat baş nazir Marthens bir açıqlama verərək, Türkiyənin heç bir vaxt Aİ-yə üzv olaraq qəbul edilməməsinə qərar verdiklərini söylədi. Hadisələr də məhz buradan başlayır. Yəni son baş verənlərə baxaraq şərh vermək doğru deyil. 1993-cü il Almaniya Türkiyəyə silah embarqosu tətbiq etdi. Səbəbi nə idi?
Almaniyanın verdiyi ağır hərbi vasitələr cənub-şərqdə PKK terror təşkilatına qarşı istifadə edilir. Bir ölkə sənin verdiyin silahlarla terrora qarşı mübarizə aparır deyə, ona silah embarqosu tətbiq edirsən. Birinci, Körfəz hərəkatında Türkiyə İncirlik bazasını amerikanların istifadəsinə verdi deyə, Almaniya çox narahat oldu.

Buna qarşılıq Səddam Hüseyn raket hücumuna keçərsə, bu vəziyyət NATO-nu bir müharibənin içinə çəkər deyə qorxdular. Suriyadakı proseslərdə Almaniya, Hollandiya, İspaniya kimi ölkələr Patriot raketləri verdilər, sonra isə almanlar öz raketlərini geri aldılar. Yəni Türkiyə ilə Almaniya arasında yaşananlar çoxistiqamətli problemlərdir. Ən sonda bu miqrantlar məsələsi böhran yaratdı. Yəni Almaniyanın liderliyi ilə belə bir razılıq əldə edildi. Beynəlxalq razılaşmalar bütün tərəflər üçün eyni vaxtda qüvvəyə minməlidir. Ancaq belə olmadı, Türkiyə boynuna düşənləri həmin andan həyata keçirtməyə başladı, miqrantları Yunanıstandan almağa başladı və s. Avropa İttifaqı isə bacardıqca Türkiyə vətəndaşlarının vizasız səyahət məsələsinin qarşısını aldı. Keçən ilin iyun ayında Türkiyə vətəndaşları Avropaya vizasız girəcəkdilər; bir il keçdi, hələ də vizasız giriş mümkün deyil və deyəsən, bu gedişlə heç mümkün də olmayacaq. Bu səbəbdən də əlaqələrdəki gərginliyi sadəcə, millət vəkillərinə viza verilir-verilmir çərçivəsində görməmək lazımdır, daha geniş miqyası var.

– Başda cənab prezident olmaqla Türkiyənin rəhbərləri NATO-dan da şikayətçidirlər. “Biz terrora qarşı mübarizə aparırıq, ancaq müttəfiqlərimiz lazımi dəstəyi vermirlər”- deyirlər. Bu bəs deyilmiş kimi bir də terror təşkilatlarına silah verirlər. DAEŞ-lə mübarizəyə NATO-nun qurum olaraq daxilolma qərarı terrora qarşı hərakatın gələcəyinə necə təsir edəcək?

– İşin əsası budur: Türkiyə uzun illərdən bəri NATO-nun terrorla mübarizədə aktiv iştirak etməsini istəyir, sadəcə, bu hökümətin dövründə yox, əvvəlki hökumət də bunu istəyirdi. Avropalılar isə irəli addım atmırdılar. 1999-cı il Vaşinqtonda NATO-nun zirvə toplantısı keçirildi, orada NATO-nun yeni stratejik konsepsiyası qəbul edildi. Türkiyə o stratejik konsepsiyaya bir hökmün qoyulmasını istədi. Bir NATO üzvü terrorçu hücumuna məruz qalarsa, eynilə digər hücumlara məruz qalmış kimi NATO-nun 5-ci maddəsində olduğu kimi münasibət göstərilməlidir. Bunu qəbul etmədilər. Sadəcə, bir ölkə terrorçu hücumuna məruz qalarsa NATO-ya gələrək, müşavirə keçirtsin, dedilər. Ancaq bir müddət sonra 11 sentyabr hadisəsi baş verdi və bu hadisədən sonra NATO 5-ci maddə qərarını verdi. O maddə isə sadəcə bir dəfə – Əkiz qüllələr hücuma məruz qaldığı zaman tətbiq edildi. 2010-cu ildə yeni bir stratejik konsepsiya qəbul edildi, bu konsepsiyada da bu maddəyə yer verilmədi. Yəni NATO üzvü bir ölkəyə terror hücumun baş verməsinə qarşı ittifaqın tamamilə mübarizəyə qoşulması məsələsində çəkindiyi bəzi amillər var. Çəkinmə var, narahatlıq var.

NATO Bosniyada, Kosovada, Əfqanıstanda hərbi əməliyyatlar keçirtdi. Kabilin və Baqram hava limanının qorunmasının məsuliyyətini öz üzərinə götürdü. İraq əməliyyatı isə NATO rəhbərliyi ilə həyata keçirilən bir hərəkat deyildi. İndi Suriyada yenə ABŞ başçılığı ilə bir koalisiya var, NATO-nun buna dəstək verməsini istəyirlər. Amma NATO oradakı əməliyyatlara dəstək verməyəcək, onu amerikanlar idarə edəcəklər. NATO orada kəşfiyyat məlumatları verəcək, kəşf uçuşları həyata keçirəcək və sair və ilaxır. Məsələ bundan ibarətdir. Yəni bu xəbərlərə baxaraq, Suriyadakı əməliyyatları NATO-nun idarə edəcəyini demək olmaz. Almanlar da deyir ki, siz bizim millət vəkillərimizin İncirlik hərbi bazasını ziyarətinə icazə verməsəniz, biz də əsgərlərimizi İordaniyanın paytaxtı Əmmana apararıq.

– Almaniyanın öz əsgərlərini İncirlikdən çıxartması barədə verdiyi bəyanatlara Türkiyə də “Özləri bilər” deyə qarşılıq verir. Bunun sonu hara gedəcək?

– Biz onlara gedin demirik, özləri getmək istəyirsə, deyəcək heç nə yoxdur. Daha əvvəl güc sırasında alman, ingilis və fransız gücləri vardı, fransızlar geri çəkildilər. Özləri qərar verirlər, biz İncirlikdə qalmaları üçün təzyiq göstərə bilmərik. Təzyiq göstərsək belə, əgər əsgərlərini çıxartmaq istəyirlərsə çıxardarlar, zorla onları saxlamaq olmaz.

– Müttəfiqliyi vurğuladınız. Prezident Ərdoğanın ABŞ səfərindən əvvəl PYD\YPG-yə ağır silahlar verildi. Bunlar nə qədər müttəfiqliyə sığışan hərəkətlərdir?

– Şübhəsiz ki, sığışmır. ABŞ-ın Şamdakı keçmiş səfiri Robert Fird bir məqalə yazıb. Orada açıqca qeyd edir ki, PYD və PKK iç-içə fəaliyyət göstərir. Osman Öcalanın sözlərinə istinad edərək bildirir ki, PYD-ni PKK 2013-cü il Qəndildə qurdu. Eyni terrorçular bəzən PYD-də mübarizə aparırlar, ondan ayrılıb PKK-ya keçir, sonra yenə PYD-yə qayıdırlar. Yəni artıq bu əlaqəni görməmək mümkün deyil. Onda belə bir sual yaranır: nəyə görə NATO üzvü olaraq Türkiyədən istifadə etmirsən, gedib Rakka əməliyyatında bunlardan istifadə edirsən? Çünki Türkiyə bu əməliyyatlarının sonunda bir Kürd dəhlizi yaranmasını istəmir. Yəni Şimali İraqda qurulması planlaşdırılan bir kürd dövlətinin, Suriyanın şimalında bir “Kürd dəhlizi” layihəsinin əleyhinədir. PYD isə tam da bunun üçün mübarizə aparır.

Türkiyə orada Əl-Baba qədərki əraziyə nəzarəti öz əlinə aldı, ona görə də bu dəhlizi qura bilmirlər. Ancaq onlar PYD\YPG-dən əl çəkmirlər, çünki orada bu dəhlizin qurulması üçün PYD əlindən gələni edəcək. Məqsəd Şimali İraqda bir kürd dövləti qurulması və Şimali Suriyadan keçən kürd dəhlizi ilə Aralıq dənizinə çıxışın əldə edilməsidir.

– Cənab səfir, bəs onda həmin vaxt Türkiyənin Orta Şərqə açılan ən vacib qapısı bağlanmazmı?

– Təbii ki. Şimali İraqda kürd dövləti qurularsa və Suriyanın şimalında kürd dəhlizi açılarsa, Türkiyənin İraqla və Suriya ilə coğrafi əlaqəsi qalmayacaq. Elə məqsəd də budur: Türkiyənin ərəblərlə əlaqəsinin kəsilməsi. Kürd bölgəsindən keçmədən Suriyaya da, İraqa da keçə bilməyəcəksən. Bu, əlbəttə ki, narahatedici bir vəziyyətdir. Türkiyənin Müstəqil Kürd dövləti yaradılmasına əvvəldən bəri etirazı vardı, lakin indi bəzi amerikan qurumları raportlar hazırlayır ki, Türkiyə əvvəllər kürd dövlətinə qarşı deyildi, indi də bu işə çox pis baxmır. Yəni Kürd dövləti qurularsa Türkiyə həddindən artıq reaksiya verməyəcək.

– Suriyaya müdaxilə məsələsində Rusiya bu qədər qərarlı davrandığı halda Türkiyə prosesi doğru dəyərləndirə bilmədi?

– Türkiyənin İraq və Suriya siyasəti əslində, Rusiyanın siyasətindən fərqlidir. ABŞ-ın siyasəti ilə də üst-üstə düşmür. Çünki onlar o bölgədə Kürd dövləti qurmaq istəyirlər, İsrail də bunun əleyhinə deyil. Türkiyə isə lap əvvəldən bunu qırmızı xətt olaraq elan edib. Türkiyənin orada bir kürd dövlətinin qurulmasına səssiz qalması – coğrafiyanın tamamilə dəyişməsi deməkdir. Yəni o zaman nə İraqın, nə də Suriyanın torpaq bütövlüyü qalmayacaq. Bəzi amerikan qurumları raportlar yayımlayır ki, bölgənin əsas məsələsi neft, qaz, su olmayıb. Və xəritələr də səhvdir, yenidən çəkilməlidir. Bölgə sərhədlərinin yenidən çəkilməsi isə Türkiyəni narahat edər, çünki regionun sabitliyini pozar.

– Bəs Türkiyənin oradakı “qırmızı xətt”lərindən geri çəkilməsinə səbəb nə oldu?

– Türkiyənin Şimali İraqa qarşı effektiv əməliyyatlar təşkil edərək, PKK-nı tamamilə yox etməsinə icazə verilmədi. 60 km. məsafədə Qəndilin təmizlənməsi üçün Türkiyəyə bir səlahiyyət verilmədi. Onların mənfəətləri və stratejik hesablarıyla Türkiyənin maraqları və stratejik hesabları üst-üstə düşmür. Yəni heç kim Türkiyəyə “gedin PKK-nı Şimali İraqdan təmizləyin”- demir. Hava əməliyyatları isə kifayət etmir.

– Suriyanın problemini nəticə etibarilə ABŞ-Rusiya ittifaqı həll edəcək, yoxsa fərqli dinamikalar da dövrəyə girəcək? Türkiyə bu işlərdə harda olacaq?

– Hər ölkənin öz mənfəətləri vardır. Rusiya ilk dəfə o bölgədə yerləşdi. Daha əvvəl Tartusda balaca bir hərbi bazası var idi, ancaq indi orada strateji aktor halına çevrilib. Bu, nəzərə alınmayacaq kiçik bir məsələ deyil. Məlumdur ki, ABŞ və İngiltərə regionda söz sahibi olmaq istəyir. Rusiya və ABŞ-ın hansı məsələlərdə razılaşıb-razılaşmayacağını zaman göstərəcək. Hələ indidən bəzi mövzularda anlaşılmazlıqlar meydana gəlib. Hələlik, bir soyuq müharibə haqqında danışmasaq da, “soyuq sülh” mərhələsindən keçirik. Naməlum bir tənliyin içindəyik.

– Türkiyə proseslərə uyğun olaraq mövqe tutacaq?

– Məncə, Türkiyə Respublikası xarici siyasətin təməl qaydaları çərçivəsində fəaliyyət göstərməlidir. Bizim siyasətimiz region ölkələri ilə tək-tək yaxşı əlaqələr qurmaq, onların aralarındakı münaqişələrə qarışmamaq siyasəti idi. Məncə, bu, ən doğru siyasətdir.

– İlkin mövcud olan siyasətə qayıtmaq…

– Bəli, ilkin siyasətə qayıtmağımız lazımdır. Yoxsa proseslərin haraya gedəcəyi bilinmir və Türkiyə regiondakı proseslərə təkbaşına istiqamət verə bilməz.

Yenicag.Az

COP29

www.yenicag.az

971
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv