“Güman edirik ki, NATO ilə mövcud əməkdaşlığımız və onun keçirdiyi hərbi təlimlərdə iştirakımız Azərbaycanı perspektivdə gözləyə biləcək bəzi təhlükələrdən sığortalayacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Gürcüstanda gələn ay başlayacaq NATO təlimləri və orada Azərbaycanın iştirakına münasibət bildirərkən politoloq Elşən Manafov deyib:
“NATO ilə əməkdaşlığımız və bu fonda Tiflisdə keçiriləcək hərbi təlimlərdə iştirakımıza gəldikdə, Azərbaycan əlbəttə ki, öz ordusunun NATO standartları çərçivəsində qurulmasında maraqlıdır. NATO-nun vəd edəcəyi investisiya yatırımlarının Azərbaycana gəlişində də maraqlıyıq. Bununla belə, həmin təlimlərdə iştirakımız o anlama gəlmir ki, Tiflisdən fərqli olaraq Bakı yaxın gələcəkdə öz ərazisini dislokasiya baxımından NATO-ya verəcək. Çünki bu digər bölgə dövlətlərilə münasibətlərimizdə müəyyən problemlər yarada bilər. Ölkəmiz qurumla əməkdaşlıqda maraqlıdır. Bu əməkdaşlığın doğurduğu reallıqları qəbul edir və şərtləri böyük məmuniyyətlə yerinə yetiririk. Azərbaycanın milli təhlükəsizliyi balanslaşdırılmış və çoxşaxəli siyasət yürütməyimizi tələb edir”.
Ekspertin qənaətincə, sözügedən hərbi təlimlərdə iştirakımız heç də Azərbaycanın birmənalı şəkildə Qərbin təhlükəsizlik sisteminə inteqrasiyasını nəzərdə tutmur:
“Gürcüstan, Ukrayna, Azərbaycan və Ermənistan hələ 1994-cü ildə NATO-nun Sülh Naminə Əməkdaşlıq Proqramına qoşulub. Hələ o zaman, NATO-nun Şərqə doğru genişlənməsi və Rusiyanın kifayət qədər zəif olduğu bir məqamda Qərb dünyası Moskvanın MDB məkanına təsir dairəsini daraltmaq məqsədilə ayrı-ayrı respublikalarla bu səpkili müqavilələrin imzalanmasına nail oldu. Həmin respublikalar, o cümlədən Azərbaycanın sözügedən proqramda iştirakı isə məhz Rusiyadan ola biləcək təsirlərin qarşısını almaq və minimuma endirmək zərurətindən irəli gəlirdi. Eyni zamanda, ABŞ maraqlı idi ki, perspektivdə bu dövlətlər NATO-nun təsir dairəsində olsun.
Azərbaycanın Ermənistan və Gürcüstandan fərqli olaraq NATO ilə əməkdaşlıq proqramının mahiyyəti tamamilə fərqlidir. Azərbaycanın xarici siyasəti balanslaşdırılmış kursa əsasən qurulub. Azərbaycan ölkəmizlə əməkdaşlıqda maraqlı olan bütün dövlətlərlə əməkdaşlığa hazırdır. NATO ilə əməkdaşlıq edirik, lakin bununla yanaşı həmin əməkdaşlığın İran və Rusiyada yarada biləcəyi qıcığı və anlaşılmazlığı da nəzərə alırıq. Çünki Azərbaycan bölgə dövlətlərilə də münasibətlərin inkişaf səviyyəsinin qorunub saxlanılmasında maraqlıdır. Bu səbəbdəndir ki, Azərbaycanın bölgə dövlətləri arasında nüfuzu artmaqdadır. Hətta Suriya kimi problemin çözülməsində Azərbaycanın özünəməxsus rolu vardır”.
Qeyd edək ki, Gürcüstanda NATO-nun 3000-ə yaxın əsgərin iştirakı ilə növbəti hərbi təlimləri keçiriləcək. Hansı ki, həmin təlimə 9 NATO üzvü ilə yanaşı, Gürcüstan, Ukrayna, Azərbaycan və işğalçı Ermənistan da qoşulacaq.
ELÇİN