NATO yaxın aylarda Finlandiyada strukturlar yerləşdirməyə başlayacaq

Finlandiyada NATO-nun alyansın qüvvələri və strukturlarının yerləşdirilməsi ilə bağlı qərarlarının icrasına yaxın aylarda başlanacağı gözlənilir.

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov bildirib.

Onun sözlərinə görə, Finlandiyanın şimalında İsveçin rəhbərliyi altında NATO-nun Birgə Quru Qoşunlarının çoxmillətli taktiki qrupunun yerləşdirilməsi planlaşdırılır.
“Alyansın quru qoşunlarının regional komandanlığının qərargahı şərqdəki Mikkeli şəhərində yaradılacaq. NATO rəhbərliyi bu məsələ ilə bağlı prinsipial siyasi qərarlar qəbul edib və onların praktiki icrasına, görünür, yaxın aylarda başlanacaq”, – deyə Kuznetsov vurğulayıb.
Səfir əlavə edib ki, Finlandiya lazım gələcəyi təqdirdə müttəfiq qoşunlarının Finlandiyaya köçürülməsini sürətləndirmək üçün milli logistika infrastrukturunu “NATO miqyasında marşrut sxemləri”nə inteqrasiya etmək planları üzərində işləyir. Finlandiya rəhbərliyi həmçinin öz ərazilərində NATO silah və hərbi texnikasını saxlamaq planları üzərində işləyirlər.
“Bununla yanaşı, Finlandiyada daimi olaraq böyük hərbi kontingentlərin yerləşdirilməsi ilə xarici hərbi bazaların yaradılması, ağır hücum silahlarının yerləşdirilməsi və sair barədə hələlik heç bir söhbət getmir”, – deyə rusiyalı diplomat əlavə edib.
Qeyd edək ki, Finlandiya NATO-ya 2023-cü il 4 aprel tarixində üzv olub./apa