Avqustun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Yenicag.az xəbər verir ki, fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxs yaradılıb və nizamnaməsi təsdiq edilib.
Agentlik Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı sahəsində tənzimləməni, avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, muxtar respublikadaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirəcək.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını təsdiq edəcək, həmçinin, Ali Məclis sədrinin aktlarının həmin Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim edəcək.
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi fərmandan irəli gələn digər məsələləri həll edəcək.