Ötən gün Naxçıvandan Bakıya uçmalı olan təyyarədə nasazlıq yaranıb.
Yenicag.az xəbər verir ki, bu səbəbdən təyyarədən düşürdülən sərnişinlər bir neçə saat gözləməli olublar.
Məlumatı saytımıza açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski də təsdiqləyib:
“Bəli, belə bir hal yaşanıb. Texniki nasazlığa görə, sərnişinlər təyyarədən düşürdülüb. Daha sonra isə Bakıdan Naxçıvana başqa bir təyyarə göndərilib. Sərnişinlər də həmin təyyarə ilə Bakıya gətirilib. Nasazlığın qeydə alındığı “hava gəmisi”ndə də olan problem aradan qaldırılıb və həmin gün uçuşa hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, təyyarənin sərnişinləri arasında Naxçıvanda futbol üzrə təşkil olunan “Heydər Əliyev Kuboku” yarışının hakimləri və oyunları izləmək üçün Muxtar Respublikaya səfər edən “Səbail”in baş məşqçisi Samir Əliyev də olub. Samir bəy də əməkdaşımızla telefon danışığı zamanı xəbəri təsdiqləyib, başqa təyyarə gələnə qədər hava limanında gözlədiklərini bildirib.
Emin
Yenicag.az