Naxçıvan gömrüyündə islahat dalğası: İdarələr ləğv olunur…

Naxçıvan gömrüyü ilə bağlı struktur dəyişikliyi təsdiqlənib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, yerlərdəki baş idarələr ləğv olunub, əvəzində hamısı post statusu qazanıb.

Belə ki, Prezident İlham Əliyevin sərəncamına əsasən bir ay ərzində Naxçıvandakı gömrük sisteminin strukturu hazırlanmalı idi.

Sərəncama əsasən artıq Naxçıvanda yerlərdəki baş idarələr ləğv edilib, yerinə gömrük postları yaradılıb. Misal üçün Culfa, Şahtaxtı və Sədərəkdə həm gömrük idarəsi, həm də gömrük postu var idi. Yeni struktura görə isə, baş idarə ləğv olunub, ancaq post qalıb.

Naxçıvan Hava Limanı gömrük postu isə Bakı Beynəxlalq Hava limanın Baş gömrük idarəsinə birləşdirilib. Yəni artıq Naxçıvandakı hava limanın gömrük postu birbaşa Bakının hava limanı baş idarəsinin postu olub.

Bundan başqa maliyyə ödəmələrində də islahatlar aparılıb. Əvvəl maliyyə ödəmələrinə Naxçıvan MR Gömrük İdarələrinin maliyyə rəisləri baxırdılarsa, artıq postlarda ödəmə terminalları qoyulur.