Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib.
Yeniçağ.Az-ın Report-a istinadən verdiyi məlumatına görə, sessiyanın gündəliyinə 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr, Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məsələləri verilib.
Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Asəf Məmmədov çıxış edərək muxtar respublikada sosial-iqtisadi inkişafla bağlı məlumat verib.
Muxtar respublikanın kənd təsərrüfatı naziri Elşad Əliyev çıxışında qəbul olunmuş dövlət proqramlarının və həyata keçirilən sosial-iqtisadi islahatların muxtar respublikada aqrar bölmənin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr barədə məruzə edib.
Muxtar respublikanın maliyyə naziri Səbuhi Məmmədov isə 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi haqqında çıxış edib.
Daha sonra sessiyada “Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu qəbul edilib. Ali Məclisin sədri gündəlikdə duran üçüncü məsələ ilə bağlı qeyd edib ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanıb. Konstitusiyanın Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququnu tənzimləyən 8-ci maddəsi yeni redaksiyada verilərək adından və mətnindən məhdudlaşdırıcı ifadələr çıxarılıb, maddənin strukturu Konstitusiya normalarına uyğunlaşdırılıb. Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri də gənclərin dövlət quruculuğunun bütün təbəqələrində iştirakına şəraitin yaradılması ilə bağlıdır. Belə ki, Konstitusiyanın 15-ci, 29-cu və 41-ci maddələrinə edilən dəyişikliklərə əsasən 18 yaşı tamam olmuş, seçkilərdə iştirak hüququ olan hər bir şəxs dövlət orqanlarında təmsil oluna biləcək.
Təklif olunan dəyişikliklərdə deputatların məsuliyyətinin artırılması məsələsi də öz əksini tapıb. Konstitusiyanın 43-cü maddəsinin III hissəsinə təklif edilən dəyişiklik isə texniki xarakter daşıyır. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu oxunub və səsə qoyularaq qəbul edilib. Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası öz işini başa çatdırıb.
Yeniçağ.Az