Naxçıvana alınan təyyarə biletləri ilə bağlı yenilik

Sərnişinlər “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdakı kassalarında “mygov” tətbiqi vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edərək Naxçıvana aviabilet əldə edə bilərlər.

Yenicag.az xəbər verir ki, yeni imkan yaxın gələcəkdə AZAL-ın Naxçıvandakı kassalarında da tətbiq olunacaq.

Artıq sərnişinlərdən aviabilet alarkən fiziki olaraq şəxsiyyət vəsiqələrini daşımaq tələb olunmur. Şəxsiyyəti təsdiq edən lazımi məlumatlar “mygov” tətbiqi üzərindən təqdim edilə bilər.

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.

“Bu yenilik bilet alışı prosesini asanlaşdıracaq və müasir rəqəmsal dünyada məlumat təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək”, – məlumatda deyilir.

COP29