Naxçıvanda bir şəhid ailəsi və beş qaziyə yeni mənzillər verilib.
Yenicag.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailəsi və qazilərlə görüşüb, İkinci Qarabağ müharibəsi şəhidinin ailəsinə, 5 qaziyə yeni mənzil, 11 qaziyə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılması zamanı sağlamlıq imkanlarını qismən itirmiş 1 nəfərə avtomobillər təqdim olunub.
F.Nəcəfli və Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədov mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim ediblər.
Səlahiyyətli nümayəndə qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, uğurlar arzulayıb.
Şəhid ailəsinə və qazilərə verilən 2 və 3 otaqlı mənzillər Kəngərli rayonunun Qıvraq qəsəbəsində, Culfa və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulub, lazımi kommunal şərait yaradılıb.