Naxçıvanda iki ərzaq mağazasının sahibi cərimələndi

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şərur rayonunun Yengicə kəndində və Babək şəhərinin Qoşadizə məhəlləsində fəaliyyət göstərən ərzaq mağazalarında plandankənar yoxlamalar həyata keçirilib.

Yenicag.az xəbər verir ki, yoxlamalar zamanı hər iki obyektdə bir sıra nöqsanlar aşkar edilib. Yengicədə fəaliyyət göstərən mağazada qida təhlükəsizliyi sahəsində texniki normativ- hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyənləşib. Belə ki, mağazada və anbarda temperatur rejiminə və mal qonşuluğu prinsipinə əməl edilmədiyi, havalandırma sisteminin olmadığı aşkar olunub. Qida məhsullarının anbarda divardan məsafə gözlənilmədən saxlandığı müəyyən edilib.

Qoşadizə məhəlləsində fəaliyyət göstərən ərzaq mağazasında isə temperatur rejiminə ve mal qonşuluğu prinsipinə əməl olunmadığı, bəzi qida məhsullarının mağazanın xaricində birbaşa Günəş şüaları altında saxlandığı, işçilərin dövri tibbi müayinədən keçmədiyi aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq hər iki mağazanın vəzifəli şəxsi barəsində inzibati protokol tərtib olunub.

COP29