!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvanda təhlükəsizlik orqanlarının 25-ci ildönümü qeyd olunub

!Reklam – Yazi

Yenicag.az xəbər verir ki, sentyabrın 20-də Naxçıvan Muxtar Respublikasında təhlükəsizlik orqanlarının yaradılmasının 25-ci ildönümü qeyd olunub.

Əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzərək ulu öndərin xatirəsini dərin ehtiramla yad edib, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Sonra tədbir Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasında davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında” 2017-ci il 19 sentyabr tarixli Sərəncamını oxuyub. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanları təltif ediliblər.

Cəlil Rüstəmov tədbirdə çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasının təhlükəsizlik orqanları 25 ildə mühüm inkişaf yolu keçib. Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və onun rayon şöbələrinin fəaliyyəti üçün lazımi şərait yaradılıb, müasir xidməti binalar istifadəyə verilib. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qəbul etdiyi 20 sentyabr 1992-ci il tarixli qərara əsasən Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyi yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 18 dekabr tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Muxtar Respublikanın Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb. Bu Fərmandan sonra Dövlət Təhlükəsizliyi Xidmətində aparılan islahatlar müasir dövrün təhdid və çağırışları nəzərə alınmaqla xidmətin səmərəli və çevik təşkil olunmasına təkan vermişdir. Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti ölkəmizin və muxtar respublikanın maraqlarına qarşı yönəlmiş təhdidlərin vaxtında aşkar edilərək qabaqlayıcı tədbirlər görülməsi, dövlətçiliyin və təhlükəsizliyin qorunması üçün fəaliyyətini gücləndirir.

Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, palkovnik Ələşrəf İbrahimov şəxsi heyəti yubiley münasibəti ilə təbrik edərək demişdir ki, bu gün xidmətin fəaliyyətinin səmərəli təşkili üçün ardıcıl tədbirlər həyata keçirilir. Xidmət yüksək dövlət qayğısı ilə əhatə olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları göstərilən qayğıdan və yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da öz vəzifə borclarının uğurla yerinə yetirəcəklər.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları çıxış edərək təhlükəsizlik orqanlarının 25 ildə keçdiyi yoldan və onlara göstərilən qayğıdan danışmışlar.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-mayor Fazil Ələkbərov tədbirdə çıxış edərək yubiley münasibətilə Xidmət əməkdaşlarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Dövlət təhlükəsizlik orqanlarında səmərəli fəaliyyətlərinə görə Ali Məclis Sədrinin Sərəncamı ilə təltif olunan əməkdaşlara “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanları təqdim edilib. Bir qrup əməkdaşa isə növbəti rütbələr və pul mükafatı verilib, təşəkkür elan edilib.

Təltif olunanlar onlara göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildiriblər.

www.yenicag.az

942
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv