“Artıq bəzi nazirlik və qurumlar ləğv edilib, onların idarəçiliyi mərkəzi hakimiyyətə keçib”.
Bu fikirləri yerli məmurların Naxçıvan Muxtar Respublikasında (MR) həyata keçirilən dəyişikliklərə müqavimət ehtimalını dəyərləndirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.
Partiya sədrinin fikrincə, dəyişiklikləri qəbul etməyən bürokratik sistem nümayəndələri başlamış prosesi dayandırmaq imkanında deyil:
“Həqiqətən də, Vasif Talıbovun Naxçıvanda yaratdığı rejim Muxtar Respublika əhalisinə onilliklər ərzində zülm edib. Ona görə də indi orada aparılan islahatlar əhali tərəfindən rəğbətlə qarşılanır.
Bildiyiniz kimi, bu dəyişikliklər sayəsində Naxçıvanda qurulmuş sistem tədricən demontaj olunur. Artıq bəzi nazirlik və qurumlar ləğv edilib, onların idarəçiliyi mərkəzi hakimiyyətə keçib.
İndi ola bilər ki, Naxçıvandakı bürokratik sistem təmsilçiləri onların maraqlarına toxunan bu dəyişikliklərə qarşı çıxsınlar. Ancaq onlar bu prosesə müqavimət göstərmək, yaxud da onun qarşısını almaq imkanında deyillər. Bu baxımdan Naxçıvanda başlayan islahatlar öz sürəti ilə davam etdiriləcək”.
A.Zeynalov