!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Naxçıvandan sonra Qazax istiqamətindəki kəndlərimizi də geri qaytarmalıyıq" - Hərbi ekspert

!Reklam – Yazi

1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib.

May ayının sonlarında Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində Günnüt kəndi ilə yanaşı “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilib.

Yalnız hadisədən 10 gündən çox keçdikdən sonra Azərbaycan tərəfi rəsmən yayılmış xəbəri təstiqləyib.

Günnüt kəndinin işğaldan azad edilməsi və bu hadisənin hansı nəticələr doğuracağı ilə bağlı hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlama verib.

Hərbi ekspert kəndin işğaldan azad edilməsinin rəsmi qurumlar tərəfindən gec təstiq edilməsinə irad tutaraq bildirib ki, həmişə olduğu kimi yenə informasiya sahəsində gecikdik:

“Ölkədəki mövcud qanunvericiliyə baxmayaraq, bəzi təşəbbüskarlar məsuliyyəti öz boyunlarına götürərək əldə etdikləri informasiyanı vaxtında xalqa çatdırdı. Siz özünüz, bloqqerlər, digər saytlar informasiyaları saf-çürük edərək Azərbaycan oxucusuna çatdırdınız ki, oxucularımız erməni saytlarının ümidinə qalmasın. Ordumuzun ələ keçirdiyi yüksəkliklər Azərbaycan Respublikasının ərazi çərçivəsində olduğuna görə, hətta ermənilər də buna etiraz edə bilmədi. Erməni mediası yalnız onu qabartdı ki, Azərbaycanın işğaldan azad etdiyi yüksəkliklər Ermənistanın özü üçün təhlükə törədəcək. Baxmayaraq ki, ermənilər həmin yüksəklikləri 1992-ci ilən işğal etmişdilər. İnformasiyanın gecikdirilməsi birinci dəfə deyil. Ermənilərin helikopterinin vurulması olayında da hadisədən 20 dəqiqə keçəndən sonra ilk olaraq Ermənistan müdafiə nazirliyinin sözcüsü açıqlama verdi və özlərini müdafiə edərək bildirdi ki, helikopterimiz o ərazidə silahsız uçuş keçirib. Bu həyasızlıq onlarda həmişə olub. 2017-ci ilin fevral ayında 5 kəşfiyyatçımızın şəhid olmasını da ilk dəfə erməni mediası yaydı. Xəbəri yaymaqları azmış kimi, şəhid olan hərbçilərimizin adlarını da açıqlamışdılar. Təəssüflər olsun ki, qabaqlayıcı tədbirlər görmək yerinə, həmişə cavab verməyə məcburuq. Düşüncəmə görə, Naxçıvan Muxtar Respublikasının statusuna, onun beynəlxalq səviyyəli müqavilələrlə təstiq edilmiş durumuna uyğun olaraq biz heç nədən qorxmadan məlumatı verməyə borclu idik. Rəsmi məlumatın verilməsi heç bir təhlükə törədə bilməzdi. Hadisənin üstündən bir qədər keçdikdən sonra bizim verdiyimiz məlumat və proqnozu rəsmən təstiq etdilər”.

Ermənistan tərəfinin atacağı addımlara gəldikdə isə Tərlan Eyvazov qeyd edib ki, qarşı tərəf cavab tədbirləri görməyə çalışacaq:

“Təbii ki, erməni tərəfinin atacağı addımlara Azərbaycan ordusu yüksək səviyyədə cavab verməyə hazırdır. Ermənistanın özündə olan qarışıqlıq, siyasi sabitliyin olmaması, hakimiyyətin tamamən möhkəmlənməməsi danışıqlarda irəliləyişin getməsinə mane olacaq. Ancaq baş verənlər göstərdi ki, biz ordumuzun gücü ilə lazım olan yüksəklikləri, strateji mövqeləri düşməndən geri almalıyıq. Demirəm ki, dərhal geniş masştablı hücumlara keçib, müharibəni başlayaq. Sadəcə yerimizdə də durmamalıyıq. Zamanı gəldikcə strateji yüksəklikləri nəzarətimizə götürməliyik. Naxçıvanda yenə bəzi yüksəkliklər var ki, onları da geri almalıyıq. Yerlərindən didərgin düşmüş vətəndaşlarımız öz doğma torpaqlarına geri qayıtmalıdır. Bu, o vətəndaşların konstision hüququdur. Bu hüquq təmin etmək isə dövlətin vəzifəsidir”.

Ermənistan tərəfinin təxribatlar törədə biləcəyinə gəldikdə isə, hərbi ekspert bunları deyib:

“Təxribatlar hər zaman aktualdır. Bu ermənilərin bacardığı ən yaxşı işdir. Ordumuz da daima buna hazırdır. Bu hadisənin özü bir daha sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyünün tam təminatı, qorunması, bərpa olunması Azərbaycan ordusunun haqqıdır və bunu həyata keçirdikdə heç bir güc buna qarşı çıxa bilməz. Beynəlxalq ictimaiyyət Azərbaycanın öz ərazisini geri qaytarmasına qarışa bilməz. Qarabağ cəbhəsində bu cür addımların atılması həmsədr dövlətlərdə narazılıq yarada bilər, ancaq Naxçıvan və ya Qazax istiqamətində də bir neçə kəndimiz erməni işğalındadır, onları da geri qaytarmaq olar”.

Səxavət Məmməd

www.yenicag.az

4159
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv