Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov vəzifəsindən azad edilib.
Yenicag.az xəbər verir ki, bununla bağlı müavfiq sərəncam imzalanıb.
Bu gün imzalanan digər sərəncamla Samiq Asəf oğlu Sadıxov Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini təyin edilib. Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Samiq Sadıxova verilib.
Bu barədə sərəncamları Naxçıvan Muxtar Respubliksı Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.
Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Samiq Sadıxovu kollektivə təqdim ediblər.
Təqdimatdan öncə səhiyyə naziri Teymur Musayev ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, ulu öndərin xatirəsinə ehtiramını bildirib.
Təqdimat zamanı Fuad Nəcəfli və Teymur Musayev Naxçıvanda səhiyyə sahəsində fəaliyyəti geniş təhlil edib, buraxılan nöqsanlara diqqət çəkib, işin müasir dövrün tələblərinə uyğun yenidən təşkili barədə tapşırıq və tövsiyyələrini çatdırıblar.
Qeyd edək ki, 1987-ci ildə Naxçıvan şəhərində anadan olan Samiq Sadıxov bu təyinatadək “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsində çalışırdı.