“Milli Məclisin üzvləri həssas təbəqədən olan uşaqlara uşaqpulunun verilməsi ilə bağlı məsələni qaldırdı. Mən bu barədə dəfələrlə açıqlama vermişəm. Bir daha bildirirəm ki, bu gün həssas kateqoriyadan olan 600 min uşaq dövlətdən müavinət alır”.
Yenicag.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclasda səsləndirilən təkliflərə cavabında deyib.
“Həmin vəsaitləri həm ünvanlı sosial yardım alan ailələrin övladları, həm sağlamlıq imkanları məhdud olan uşaqlar alır, həm də beş və daha çox övladı olan ailələr alır. Dövlətin və hökumətin yanaşması ondan ibarətdir ki, həssas kateqoriyadan olan uşaqlara dəstək verməliyik. O dəstək ünvanlı olmalıdır, nəinki ümumi” – S.Babayev əlavə edib.