İşğaldan azad edilmiş ərazilərdə bu günə qədər 362 min hektara yaxın sahədə elektron kadastr uçotu işləri yerinə yetirilib.
Yenicag.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 16-da Milli Məclisdə 2023-cü il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, cari ilin 10 ayı ərzində Ağdam Sənaye Parkında və Araz Vadisi İqtisadi Zonasında 13 rezident və üç qeyri-rezident qeydə alınıb:
“Bu layihələrin həyata keçirilməsi sayəsində yaradılan toplam iş yerlərinin sayı 950 olacaq. Ümumilikdə layihələrə 850 milyon manat sərmayə qoyuluşu nəzərdə tutulub”, – deyə nazir əlavə edib.
M.Cabbarov vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Dövlət proqramının layihəsi hazırlanıb və hökumətə təqdim edilib.
Nazir bildirib ki, bununla bağlı təkliflər paketi hazırlanıb. “Vergi güzəştləri, özəl təşəbbüslərin, emal sahəsinin stimullaşdırılması üçün güzəştlərin tətbiqi, müasir bilik və bacarıqlara malik mütəxəssislərin azad edilmiş ərazilərə cəlb edilməsi, azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl tərəfdaşlığının artırılması planlaşdırılır”, – deyə M.Cabbarov bildirib.