“1993-94-cü illərdə cəmi 13 min nəfər ali təhsil ala bilmişdisə, bu il magistratura ilə birgə 67 mindən artıq insanın ali məktəblərə daxil olacağını planlaşdırırıq”.
Yenicag.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev keçirilən brifinqdə səsləndirib.
Brifinq zamanı qəzalı vəziyyətdə olan məktəblər, universitetlərə qəbul nəticələri, müəllimlərin işə qəbulu və s. məsələlər haqqında danışan nazir təhsil ocaqlarında dövlət sifarişli yerlərin artmasından da söz açıb:
“Ali təhsil prosesində çox önəmli cəhətlədən biri də son 30 ildə ali məktəblərə qəbul nəticələridir. 1993-94-cü illərdə cəmi 13 min nəfər ali təhsil ala bilmişdisə, bu il magistraturayla birgə 67 mindən artıq insanın ali məktəblərə daxil olacağını planlaşdırırıq. Bu rəqəmin təxminən 13 mini magistr, yerdə qalan 50 mindən bir az artıq hissəsi isə bakalavrda təhsil alan insanlardır. Yəni növbəti nəsildə əvvəlki ilə müqayisədə ali təhsilli insanıların sayı daha çox olacaq.
İnanıram ki, bu, çox vacib bir istiqamətdir. Hər il bizim rekord sayda abitruyentlərimiz alin təhsil qazanmaq imkanı əldə edir. Artıq bu il dövlət hesabına təhsil alan tələbələrin sayı 50 faizdən çox olacaq. Eyni zamanda, bir çox ixtisasda, eləcə də tibb ixtisasında dövlət hesabına təhsil alan tələbələrin sayında dəfələrlə artım müşahidə olunub. Buraya IT mühəndisliyi ixtisası da daxildir. Müəllimlik, İT və tibb sahələrinə dövlət sifarişli yerləri daha çox ayırırıq. Düşünürük ki, bu yönümdə ali təhsilin daha əlçatan olması olduqca vacibdir”.
Yusif Səmədzadə