“Azərbaycanda kişilərin 47 faizinin 65 yaşa çatmadan ölməsi fikri yanlışdır”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin iclasında maliyyə naziri Samir Şərifov deyib.
Bundan əvvəl parlamentin iclasında deputat Qüdrət Həsənquliyev Azərbaycanda kişilərin 47 faizinin 65 yaşa çatmadan ölməsini bildirmişdi. O təklif etmişdi ki, buna görə də kişilərin pensiya yaşı aşağı salınmalıdır.
Samir Şərifov isə qeyd edib ki, Qüdrət Həsənquliyevin dedikləri həqiqəti əks etdirmir.
“Bu məlumatlar Qüdrət müəllimə düzgün verilməyib. 2021-ci ilin statistikasını götürsək, ölkəmizdə 76 878 nəfər dünyasını dəyişib. Onlardan 40 261 nəfəri kişi, 36 617 nəfəri qadındır. Dünyasını dəyişən kişilərin 47 faizinin və ya 18 922 nəfərinin yaşı 65 yaşa qədərdir, 21 339 nəfəri isə 65 yaşdan yuxarı kişilər olub ki, yəni 53 faizdir. Yəni, 47% anlamına yalnız bu göstərici gəlir.
Ümumilikdə statistikaya görə ölkəmizdə kişilərin sayı 5 milyon 74 nəfərdir. Onlardan 65 yaşdan yuxarı olanların sayı 341 min nəfərdir, yəni 6,7%-dir. Altmış beş yaşına çatmayan kişilərin sayı isə 4 milyon 733 min nəfər, yəni 93,3 faizdir. Beləliklə, əhalinin 65 yaşadək yaşayan hissəsinin müəyyən edilməsi hansısa statistik məlumatlarla deyil, demoqrafik hesablamalara əsasən müəyyən edilməlidir. Daha xüsusi çəkiyə malik olan, burada da qeyd edildiyi kimi 93,3%-lik hissənin daha çox dünyasını dəyişməsi kifayət qədər məntiqlidir.
Bunu da qeyd etmək istəyirdim ki, 65 yaşına qədər olan əhalinin ümumi kişilərin sayında dünyasını dəyişənlərin xüsusi çəkisi 0,4% təşkil edir. Müvafiq olaraq, 65-dən çox yaşı olan 341 min nəfər kişidən 21 min nəfər dünyasını dəyişib ki, bu da 6% təşkil edir. Hörmətli Qüdrət müəllim, son illərin ölüm ehtimallarına əsasən aparılan qiymətləndirmələr göstərir ki, yeni doğulan əhalinin 79,5 faizi 65 yaşına çatır. Kişilər üzrə bu göstərici 75,5%, qadınlar üzrə isə 83,5%-dir”, – deyə nazir əlavə edib.
Nazir Qüdrət Həsənquliyevə tövsiyə edib ki, fikri düzgün təqdim etmək lazımdır./Oxu.az/