Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist Cəmil Quliyev Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsinə təyin olunub.
Yenicag.az xəbər verir ki, nazirin digər əmri ilə Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində sektor müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Cəmil Quliyev Azərbaycan Dövlət Film Fondunun direktoru, Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının direktoru, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifələrində çalışıb. Bu təyinatadək (2018-ci ildən) Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri vəzifəsində işləyirdi. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
Müşfiq Hətəmov isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, sektor müdiri, Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifələrində çalışıb. Bu təyinatadək (2011-ci ildən) C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru işləyirdi./Oxu.az/