“Mikayıl Cabbarovla bağlı xüsusi bir problemin olduğu barədə məlumata malik deyiləm”.
Bu fikirləri Yenicag.az-a müsahibəsində son nazir təyinatlarını dəyərləndirən millət vəkili Fazil Mustafa deyib.
– Fazil Məmmədovun işdən çıxarılması, yerinə Mikayıl Cabbarovun təyin olunması ciddi şəkildə müzakirə edilir. Bu yerdəyişmələri Siz necə qiymətləndirirsiz?
– Əvvəla, məsələyə ilk növbədə bu aspektdən yanaşmaq lazımdır ki, nazir təyinatı və kimlərlə işləmək, kimi hansı vəzifəyə uyğun görmək Prezidentin müstəsna səlahiyyətinə aiddir. O baxımdan, dövlət başçısı bu məsələdə öz hüququnu həyata keçirərək, belə bir təyinat gerçəkləşdirib. İkincisi, ümumiyyətlə, bir gənc kadrın mötəbər posta təyin olunması müsbət hal kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, bu vəziyyətdə ən azı daha dinamik bir fəaliyyət ortaya qoymaq imkanı və perspektivi yaranır.
Mikayıl Cabbarovun vergilər naziri təyin olunmasından danışarkən, onun vaxtilə İqtisadi İnkişaf Nazirliyində işlədiyini də nəzərə almaq lazımdır. Yəni onun iqtisadiyyat və menecment sahələrində ciddi təcrübəsi var. Ona görə də bu təyinatda təəccüblə qarşılanası heç nə yoxdur. Mənə belə gəlir ki, Mikayıl Cabbarov Vergilər Nazirliyində bir yenilik, canlanma yarada biləcək. Eyni zamanda, onun Vergilər Nazirliyində xalqa daha açıq bir sistem yaradacağını düşünürəm. Etiraf edək ki, indiyə qədər həmin qurumla bağlı xalqda kifayət qədər narazılıqlar, şikayətlər vardı.
Bu təyinatla dediyim neqativ münasibətin dəyişəcəyi gözlənilir. Hər halda, ölkə başçısı da bu təyinatı o aspektdən məqsədəuyğun sayıb. Yəni bu sahədə dönüş yaradılması vacib idi. Çünki Vergilər Nazirliyi əməkdaşlarının sahibkarları incitməsi, vergi siyasətinin natamamlığı iş adamları üçün ciddi problemə çevrilmişdi. Əksər sahibkarlar, iş adamları çox istəyirlər ki, vergiləri vaxtında ödəməklə, dövlətə kömək etsinlər. Ancaq eyni zamanda, hər kəs vergini öz gəlirindən ödəməyi düşünür. Bir il, altı ay əvvəldən ödənilən vergi sahibkarı ciddi risk altında saxlayırdı. Ona görə də bu sistemin təkmilləşdirilməsinə çox ehtiyac var. Mən deyilən sahədə normal prosedurun başladığı qənaətindəyəm və ümid edirəm ki, bu istiqamətdə müsbət dəyişikliklər baş verəcək.
– Prezidentin səlahiyyəti öz yerində, ancaq Azərbaycanda nazirlərin vəzifədən çıxarılması, birinin digərinin yerinə təyin olunması vərdiş etdiyimiz təcrübə deyil…
– Bilirsiz, bayaq da söylədim, əsas odur ki, korrupsioner imici ilə tanınmayan bir məmurun vəzifəyə təyin olunması şəxsən mənim nöqteyi-nəzərimdən çox müsbət haldır. Əlbəttə, cəmiyyətin rəyində o vəzifəyə daha ideal kadrların təyinatı nəzərdə tutula bilər. Ancaq o fikirlər sadəcə, subyektiv mülahizələrdir. Lakin konkret bir təyinatdan söhbət gedirsə, burada əsas meyarlardan biri də korrupsiyaya bulaşmayan insanların müəyyən vəzifələrə irəli çəkilməsidir və bu hallar cəmiyyətdə müsbət qarşılana bilər.
O ki qaldı Təhsil Nazirliyi məsələsinə, onun ən strateji qurum olduğu nəzərdən qaçırılmamalıdır. Oraya təhsil sahəsində islahatları davam etdirə biləcək, pedaqoji kontingentin, tələbələrin, şagirdlərin maraqlarını, müasir inkişaf templərini nəzərə alaraq, fəaliyyət göstərə biləcək şəxsin təyin edilməsi müsbət bir addım olardı.
– Mikayıl Cabbarov korrupsiyaya bulaşmayan məmurlardandır?
– Açığı, Mikayıl Cabbarovla bağlı xüsusi bir problemin olduğu barədə məlumata malik deyiləm. Əgər mətbuatda belə məlumatlar varsa, açıqlaya bilərlər. Təhsil sahəsində vəzifəyə təyin olun bir çox insanları tanıyıram. Onu da bilirəm ki, bu işdə rüşvət və digər neqativ amillər rol oynamayıb.
– Son təyinatlar həm də ölkənin siyasi rəhbərliyinin növbəti prezident seçkilərinə yeni komanda ilə getmək niyyəti kimi qiymətləndirilir…
– Mən belə düşünmürəm. Çünki hakimiyyyət əslində, yeni komanda məsələsini cəmiyyətə təqdim etmək üçün hökuməti istefaya göndərərək, yeni tərkibdə hökumət formalaşdırmaq addımını ata bilərdi. Amma ayrı-ayrı nazirlərin dəyişdirilməsi yeni komandanın yaradılması əlaməti deyil. Təbii ki, hökumətin tərkibinə yeni şəxslər daxili edilib, lakin yeni komanda həm də yeni prinsiplərlə təqdim olunmalıdır.
Ancaq təyin olunan şəxslərin hansı dəyişiklik üçün nəzərdə tutulduğu açıq ifadə olunmadığına görə bu barədə bir söz söyləmək çətindir. Yəni yeni hökumət formalaşdırıldıqda bəyan edilir ki, bu xətti aparacam, yaxud da əsas diqqət bu istiqamətə yönəldiləcək və sair. Lakin təyin olunan yeni kadrlar tərəfindən belə açıqlamalar verilmir. Hamı öz postunda susqun vəziyyətdə əyləşərək, vəzifəsini icra edir. Başqa sözlə, təyin olunan nazir yeni nəsə edəcəyi barədə heç bir açıqlama vermir. Ona görə bizim üçün də qiymətləndirmə aparmaq çətindir. Bu baxımdan, son təyinatları yeni komanda formalaşdırmaq yox, etimadı doğrultmayan şəxslərin yeniləri ilə əvəz olunması kimi xarakterizə edərdim.
– Sizcə, postundan uzaqlaşdırılmaq sırası hansı nazirdədir?
– Mən bunu söyləməyə çətinlik çəkirəm. Artıq dediyim kimi, bu məsələlər Prezidentin müstəsna səlahiyyətlərinə daxildir. Ancaq mən yaxın zamanlarda müəyyən kadr dəyişikliklərinin olmasını gözləyirəm. Çünki müəyyən şəxslərin uzun müddət eyni vəzifədə qalması yaxşı heç nə vəd etmir. Bir vəzifədə çox işləyən insanlar o sahələrdə durğunluğun yaranmasına səbəb olurlar. O baxımdan, rotasiyanın aparılması müsbət haldır.
Məsələn, mən daha çox Penitensiar Xidmətdə dəyişikliklərin aparılmasını gözləyirəm. Orada son vaxtlar kim istəyir intihar edir, kim istəyir həbsdən qaçır… Heç bir nəzarət yoxdur… Yəni neqativ hallar çox artıb və təhlükəli həddə çatıb. Ona görə də bu sahədə dəyişikliklər olacağı gözləniləndir.
A. Zeynalov