“Bu günlərdə ölkə başçısı İlham Əliyev Tuğ kəndinə səfər edərkən kəndin ermənilər tərəfindən dağıdılan tarixi məktəb binasına da baş çəkib. Əsası 1885-ci ildə Azərbaycanın görkəmli mütəfəkkiri Mir Mehdi Xəzani tərəfindən qoyulmuş bu məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş tanınmış azərbaycanlı ziyalılar müəllimlik ediblər”.
Yenicag.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev özünün feysbukdakı səhifəsində yazıb.
Nazir qeyd edib ki, 1978-ci ildə ümummilli lider Heydər Əliyevin qərarı ilə Tuğ kəndində 640 şagird yerlik 2 mərtəbəli müasir tipli məktəb binası inşa edilib: “Erməni işğalından sonra Tuğ kənd məktəbi bir müddət Bakı şəhərində fəaliyyət göstərib. Hazırda isə Beyləqan rayonunda fəaliyyətini davam etdirir. Paylaşdığım fotolarda Tuğ kənd məktəbinin 1978-ci ilədək fəaliyyət göstərdiyi tarixi binasının və erməni işğalı zamanı dağıntılara məruz qalmasından sonrakı görüntüləri əks olunub”.