Nazirdən işsizlərə şad xəbər – 10 günə 50 min işçi götürüləcək

“Biz gündəlik dinamikaya nəzarət edirik, bu artım gündəlik dinamikada da özünü göstərir. Bu günə olan son rəqəm, qeyd etdiyim kimi, yanvarın 1-i ilə müqayisədə 73 min artım, aprelin 1-i ilə müqayisədə 51 min artımdır. İşsizlər və qeyri-formal işlədiyinə görə, pandemiya nəticəsində işsiz qalan şəxslərə dəstək mexanizmləri də bir neçə tədbir olaraq müəyyən edildi”.

Yenicag.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə deyib.

Nazir bildirib ki, ilk olaraq 50 min haqqıödənilən ictimai iş yerinin yaradılması ilə bağlı tədbir çərçivəsində artıq dünəndən etibarən ictimai iş yerlərinin yaradılması təmin edilib və işəgötürmələr başlayıb:

“Bizim ehtimalımız ondan ibarətdir ki, on gün ərzində ölkənin bütün regionları üzrə 50 min işsiz və işaxtaran vətəndaşlarımız cəlb ediləcək.

“İşsizlikdən sığorta və özünüməşğulluq proqramlarının genişləndirilməsi də tədbirlər planının istiqamətlərindən biridir və bu çərçivədə bu il ərzində 12 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Burada həm dövlət vəsaitləri, həm Dünya Bankının, həm də özəl banklarımızın vəsaitləri birgə nəzərə alınır. Digər bir tərəfdən isə işsizlikdən sığorta mexanizminin sadələşdirilərək 20 min insanı əhatə etməsi planlaşdırılır ki, bu mexanizm də daha çox vətəndaşlarımıza işaxtarma dövründə dəstək olacaq”, – deyə Sahil Babayev əlavə edib.