Nazirdən tapşırıq – “Popkorn” satan oğlana iş veriləcək

Milli Məclisin deputatı Aydın Mirzəzadə həmkarı Rasim Musabəyovun Azneft meydanında yeraltı keçiddə uşağın popkorn satması ilə bağlı etdiyi etirazlara münasibət bildirib.

Yenicag.az xəbər verir ki, millət vəkili bu barədə Feysbuk hesabında qeyd edib. O, məsələdən çox təsirləndiyini bildirib:

“O uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi. Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi. Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi ki, verdiyimiz puldan ona həmin gün azacıq da olsa pul qalaydı”.

***

“Azneft” meydanındakı yeraltı keçiddə popkorn satan oğlanın kimliyi məlum olub.

Bu barədə deputat Aydın Mirəzazadə məlumat verib.

“İndicə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mənə zəng etdi. O bildirdi ki, Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənc tapılıb.

Adı Seyfullayev İsrafil Vüqar oğludur, 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 2017- ci ildə IX sinfi bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır.

Onun telefonuna zəng etsələr də nömrə şəbəkə xidməti kənarındadır.

Gənc arzu edərsə ona peşə məktəbinə qəbul olunmaq təklif ediləcək, peşə aldıqdan sonra isə daimi işlə təmin ediləcək”, – A.Mirzəzadə əlavə edib.

Qeyd edək ki, deputat Rasim Musabəyov Kukla Teatrının qarşısındakı yeraltı keçiddə bir yeniyetmənin popkorn satmasına etiraz edib və öz etirazını yeniyetmənin işlədiyi dəzgahda dövlətin elektrik enerjisinin oğurlanması, ətrafa partlamış qarğıdalı qoxusu yayılması, vergilərdən yayınma halı ilə izah edib.

Bundan sonra yeniyetmənin səyyar satış aparatı ordan yığışdırılıb.