Nazirin hədəfindəki iqtisadçıdan sərt cavab

скачанные файлы (4)Natiq Cəfərli: “Əslində biz iqtisadçıları deyil, hökumətin özünün iqtisadi proqramını sorğulamaq lazımdır ki…”

Xəbər verildiyi kimi, maliyyə naziri Samir Şərifov ANS telekanalının “Hesabat” verilişində iqtisadçı ekspertləri manatla bağlı yersiz ajiotaj yaratmaqda, vəziyyəti dramatikləşdirməkdə və əhaliyə yanlış məlumat verməkdə ittiham etdi. Onun sözlərindən belə anlaşılır ki, ölkədə yaşanan son problemlərin günahkarları məhz iqtisadçı ekspertlərdir.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli maliyyə nazirinin söylədiyi həmin fikirlərdə zərrə qədər də olsa haqlı olmadığını bildirdi: “Bəzi məsələlərlə bağlı iqtisadiyyatla məşğul olan, öz proqnozları, təkliflərilə çıxış edən insanlara maliyyə naziri tərəfindən verilən belə münasibət təəssüf doğurur. Şəxsən mən və həmkarlarım hökumətdən ən azından təşəkkür gözləyirdik ki, onların görmək istədiyi, amma görə bilmədiyi, nəzərlərindən qaçan bir çox problemləri öz yazılarımızda və çıxışlarımızda işıqlandırırıq. Əslində hökumət üzvləri bununla bağlı təşəkkür etsəydilər daha yaxşı olardı. Çünki yazdıqlarımız və dediklərimizin əksini söyləmirlər. Sadəcə həmin yazı və deyilənlərin müəyyən ajiotaja səbəb olduğunu bəhanə gətirirlər. Fevral ayında olan devalvasiyadan sonra əsas irad o oldu ki, mətbuatda tez-tez növbəti devalvasiyanın olacağı haqqında məlumatlar gedirdi. Amma bu məlumatlar doğru da çıxdı, dediklərimiz yerinə yetdi. Fevral devalvasiyasından sonra dekabrın 21-də növbəti bir devalvasiya baş verdi.

Bu devalvasiyanı isə müstəqil ekspertlər etməyib, hökumət üzvləri, Mərkəzi Bank etdi. Ona görə də əslində biz iqtisadçıları deyil, hökumətin özünün iqtisadi proqramını sorğulamaq lazımdır ki, nədən ölkədə manat və iqtisadi vəziyyətlə bağlı belə problemlər yaşanır. Yəni hökumətin özünün cavab verməli olduğu məsələlərə müstəqil iqtisadçılar, ekspertlər cavab verməməlidir. Dediklərimizin də təəssüf ki, əks arqumentlərlə heç bir cavabını ala bilmədik, suçlamadan başqa. Amma yazdıqlarımız və dediklərimiz həyata keçdi. Dedik manata basqılar var və növbəti devalvasiya gözlənilən idi, bu baş verdi. Dedik ki, bank sistemində ciddi problemlər hökm sürür, artıq iki bank bağlandı, Mərkəzi Bankın rəhbəri özü də bildirdi ki, 7-8 bank isə birləşdiriləcək. Deyirdik ki, tədiyyə balansında problemlər var, dollar qıtlığı yaranarkən tədiyyə balansında problemlər yaşanacaq. Artıq bu problem də yaşanır. Keçən ilin müvafiq dövrünə nisbətən bu il tədiyyə balansı 5-6 dəfə aşağı düşüb. Dediklərimizin hamısı da baş verdi, amma bunun günahı bizdə deyil. Biz sadəcə apardığımız analizlərin nəticəsini elan etdik və belə bir şəraitdə hökumətdən ancaq təşəkkür gözləyirdik. Maliyyə nazirinin iqtisadçı ekspertlərə münasibətdə səsləndirdiyi bu fikirlər əslində etdiyi nöqsanları özlərində deyil, başqalarında axtarmağa bənzəyir. Məntiq və dünya praktikası da deyir ki, hər hansı proseslərin birbaşa cavabdehi hökumətdir. Müstəqil ekspertlər isə heç bir idarəetmədə iştirak etmir. İdarəetmədə iştirak edən,on illərdir nazir kreslosunda əyləşənlər etdikləri səhvlərə görə cavab verməlidir və öz yarıtmaz siyasətləri nəticəsində yaşanan problemlərin kökünü başqalarında axtarmamalıdırlar”.

ELÇİN