!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirin işdən çıxarılmasından xəbəriniz var?

!Reklam – Yazi

memur_24868577474_4868Milli Təhlükəsizlik Nazirliyinin artıq sabiq rəhbəri Eldar Mahmudovun işdən çıxarılması, daha sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin başçısı Əli Abbasovun vəzifəsindən kənarlaşdırılması ilə başlamış proseslər davam edir.

İdarə rəisləri, nazirliklərdə illərdən bəri çalışan yüksək vəzifəli məmurlar, onların yaxın qohumları, habelə hamilik etdikləri və heç bir real səbəb olmadan vəzifələr “bağışlayaraq” yüksəltdikləri adamlar da işsiz qalır, saxlanılırlar.
İllərdən bəri yığılıb qalan və həllini tələb edən problemlərin çözümünə başlanıb.
Eldar Mahmudov özünü az qala kardinal Rişelye kimi hiss edərək, bütün dövlət strukturlarını nəzarət altına almağa can atırdısa və bu istiqamətdə məqbul saydığı vasitələrdən yararlanırdısa, ziyalı, sakit təbiətli adam təsiri bağışlayan Əli Abbasov da “MTN bossu”nun əlində alət olmağa razılaşmışdı.

Təbii, cənab Əli Abbasov bunu indi təkzib edə bilər, danar və Eldar Mahmudovun göstərişlərini, daha doğrusu, əmr və təlimatlarını yerinə yetirmədiyni də söyləyə bilər.
Amma onun sözlərinə inanmaq çətindir, mümkünsüzdür.
Sahibkarların başlarına torba salınaraq MTN-in “dindirilmə otaq”larına aparılması, burada onların şantaj olunması, banklar və şirkətlərlə bağlı qanunsuz əməliyyatlar, çirkli pulların yuyulması, ən nəhayət, yüksək vəzifəli məmurların biznes kimi təqdim etdikləri alverlə məşğul olmaları – bütün bunlar telefon danışıqlarının dinlənilməsi vasitəsilə konfidensial məlumatların əldə edilməsi olmadan mümkün deyildi.
İşdən çıxarılan, saxlanan, cinayət məsuliyyətinə cəlb olunan məmurların sayı artır.
Və bütün bunların sadə səbəbləri var.
İlk səbəb vəzifədən sui-istifadə, varlanmaq mənbəyi kimi yararlanmaqdır. Azərbaycanda bu bəlaya mübtəla olmuş çox məmur var və onların əksəriyyəti hələ də iş başındadır.
İndi MTN və RYTN ilə bağlı “etibarlı mənbələrdən alınan məlumatlar”ı, “sensasion açıqlamalar”ı, “təhqiqat və araşdırmalar”ı fasiləsiz yayan aztirajlı, “C” kateqoriyalı saytlar o məmurlar barədə yazmırlar.

Qorxurlar, cürət etmirlər, çünki işdən çıxarılanlar və ya saxlanılanlar barədə yazmaq daha asandır. Bu adamlar barədə ağla gələn nə varsa, tirajlamaq olar – kütlə informasiya acıdır və hər məlumatı – hətta ağ yalanı belə – informasiya kimi “həzm” edir.
Lakin iş başında olan məmur haqqında yalan bir tərəfə – gerçəyi yazmaq o kəslər üçün sərfəli deyil.
Vəzifəsiz qalan, yaxud qandallanan məmurdan fərqli olaraq, həmin vəzifəli o yazan adamı məsuliyyətə cəlb edə bilər, məhkəməyə verər və s.
İndi Akif Çovdarov və ya Eldar Mahmudovun villalarından, bağlarından və ya biznes obyektlərindən birinin qarşısında durub fotolar çəkdirən, “araşdırma”lar aparan, amma o villa və ya bağın hasarından o tərəfə boylana bilməyən, xəbərin dozalaşdırılmış həddinin bu tərəfində qalaraq peşəkarsızlığını göstərən media mənsubu bəyəm elə həmin villanın yanındakı, yainki qənşərindəki daha dəbdəbəli villanı görmür?
Görür, amma çəkinir. Çünki o villanın sahibi var.
Cəmiyyətə ən yaxşı halda obyektiv informasiya əvəzinə subyektiv fikirlərini sırımağa çalışan, aldığı sifarişi yerinə yetirərək kimisə “vuran” şəxslər indi yaranmış situasiyadan maksimum dərəcədə bəhrələnməyə can ataraq çox çirkin işlərlə məşğul olurlar.

Belə işlərin siyahısı genişdir və həmin əməllər arasında ön sırada kompromat açıqlaması sayılan yalanlar durur.
Əvvəlcə nəqliyyat naziri Ziya Məmmədovun “17 ton pulu xaricə çıxarması”, sonra da “vergilər naziri Fazil Məmmədovun işdən çıxarılması”  barədə xəbərlərin yayılması aşkar şəkildə dezinformasiya tirajlanması idi. Hər iki halda yalanları illərlə MTN-in sabiq başçısı Eldar Mahmudov və onun dəstəsinin sifarişlərini yerinə yetirən media strukturları gündəmə gətirdilər.
Məqsəd diqqəti proseslərin əsas məcrasından yayındırmaq, kütlədə hakimiyyətə inamsızlıq, iqtidar mənsublarının az qala ucdantutma korrupsiya və rüşvətxorluğa qurşanmaları təsəvvürünün yaradılması idi.
Həmin xəbərlərin ümumi süjeti, strukturu və quruluşu faktiki olaraq oxşar olduğundan bir mərkəzdən mediaya sızdırılması da şübhə doğurmurdu.

Həddən ziyadə primitiv şəkildə hazırlanmış dezinformasiyalar primitiv şüurun məhsulu idi.
“Vergilər naziri Fazil Məmmədov işdən çıxarılıb, amma hələ kabinetindədir”. Absurda baxın: hər hansı nazirin vəzifəsindən kənarlaşdırılması yalnız müvafiq sərəncamın açıqlanmasından sonra reallaşır: amma ortada sərəncam yox, nazir postundadır, başçılıq etdiyi qurum normal fəaliyyətdədir – amma xəbərlərə inansaq, Fazil Məmmədov işdən çıxarılmasından bixəbərdir, nazirlikdə də kimsənin bu barədə məlumatı yoxdur.
Yalanın idiotizmi müəlliflərin özlərində də narahatlıq yaratdığından bir müddət sonra dezinformasiyanın forması dəyişdi, “Fazil Məmmədovun işdən çıxarıldığı iddia olunur” versiyası gündəmə gətirildi.
Eynən Ziya Məmmədovun “xaricə apardığı 17 ton pul” məsələsində olduğu kimi.

“Pul əhvalatı”nı yaymaqda məqsəd Eldar Mahmudovun göstərişi ilə Azərbaycandan mütəmadi, sürəkli olaarq çıxarılan çox böyük məbləğdə maliyyə vəsaiti barədə medianın suallarını yayındırmaqdı.
Halbuki həmin pullar Eldar Mahmudov və dəstəsinin xaricdəki şirkətlərinə, bank hesablarına axırdı, sənədlərdə isə tamamən fərqli mənzərə yaranırdı.
“17 ton pul” dezinformasiyasında ağlabatanlıq səviyyəsi olduqca aşağı idi. Bir düşünün, 17 ton pul ən azı 3 yük maşını deməkdir. Və Ziya Məmmədov bu yük maşınlarını sərhəddən keçirtdirir, xaricə apartdırır və orada banklara yatırdır?
Yaxşı,  irreal olsa da, bir anlıq fərz edək o pullar Azərğbaycandan çıxarılıb. Harada, hansı ölkədə 3 yük maşını nağd pul qəbul olunar, hesablara yatırdılar? İnkişaf etmiş ölkələr bir yana – Türkiyə, Pakistan, İran və ya Malayziyada da 10 min dollardan yuxarı nağd pul bank hesabına yatırılanda maliyyə qurumu dərhal – bir daha təkrarlayıram, dərhal – ölkənin vergilər və təhlükəsizlik strukturlarına məlumat verməlidir. Pulu yatıran şəxs də maliyyənin mənşəyini göstərən sənədlər təqdim etməlidir.
17 ton nağd pulun sərhəddən çıxarılması və sonra da hansısa banka, yaxud banklara yatırılması – xülyaları və gerçəklikdən uzaqlığı maksimum həddinə çatdırmış hind filmlərində də belə ssenari olmayıb. Məhz bu səbəbdən “Ziya Məmmədovun 17 ton pulu” xəbəri çox qısa müddətdə ikinci dərəcəli saytlarda və sosial şəbəkələrdə dolaşdırılandan sonra gündəmdən çıxdı.
Lakin kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün yaradılmış şəraitdən sui-istifadə edənlər daha da aktivləşiblər. Onlar müxtəlif nazirlərin, vəzifəli şəxslərin guya tutduqlaır vəzifələrdən “kənarlaşdırılmaları”, onların rəhbərlik etdikləri strukturlarda “yoxlamalar”, evlərində “axtarışlar” aparılması ilə bağlı məlumatlar yayır, habelə “həbs”lər və ən başlıcası, artıq vəzifələrindən kənardaşdırılmış məmurlarla “sıx əlaqələr”indən bəhs edir, yalanları tirajlayırlar.
Belə fəaliyyət vətəndaşları aldatmaq, oxucularda yanlış təsəvvürlərin formalaşdırılmasına can atmaq və ən nəhayət, qanunvericilikdə cinayət kimi səciyyələndirilən əməllərdir.
Həmin media strukturlarının rəhbərləri əməllərinə görə hüquqi məsuliyyətə cəlb olunduqda isə dərhal “söz azadlığının boğulması və məmur özbaşınalığı”ndan danışmağa başlayırlar.
Medianın ittiham mexanizminə, təlaş, həyəcan yaratmaq vasitəsinə çevrilməsi cəhdlərinin qarşısı alınmalıdır.
Qərbə meylli olduqlarını hər vəchlə göstərməyə adət edənlər, “Qərb demokratiyası və söz azadlığı”nı ideal sayanlar, yəqin ki, belə əməllərinə görə Avropa Birliyi və ABŞ-da ağır cəza ala biləcəklərini xəyal etmirlər.

Əbəs yerə.
Birləşmiş Ştatlarda hansısa nazir, senator, qubernator və ya yüksək vəzifəli dövlət məmuru haqqında araşdırmalar, təhqiqatlar aparmaq, hətta onun şəxsi həyatına müdaxilə etmək adi haldır. Nədən ki, vətəndaşın bu şəxslər barədə istisnasız olaraq, hər şeyi bilmək hüququ var.
Media Qərbdə dördüncü hakimiyyət funksiyasını yerinə yetirdiyindən heç bir məmur onun diqqətindən kənarda qala biləcəyini ağlına da gətirməz.
Amma elə həmin ABŞ-da adekvat şüurlu reportyor və ya jurnalist “filan nazir işdən çıxarıldı”, “Ağ Ev filan nazirin fəaliyyətini yoxlamağa başladı” tipli dezinformasiyalar yaymağa cəhd də etməz.
Bu, amerikalı jurnalistlər demişkən, “media gigiyenasına və əxlaq sanitariyasına zidd əməldir”.
Eyni situasiya Avropa Birliyi ölkələrindədir. Fransa, Britaniya və ya İtaliya mediasında dövlət məmurları barədə həbs, vəzifədən çıxarılma, yoxlama və s. tipli rəsmən təsdiqlənməmiş məlumatların yayılması nonsensdir.
Belə presedentlər olub və hər dəfə də dövlət qurumlarından öncə cəmiyyət yalana, dezinformasiyaya çox kəskin reaksiya verib.
Qərbdə hansısa media strukturunun dezinformasiya istehsalçısına çevrilməsi onun mənəvi ölümü, nüfuzdan düşməsi, sonra da iflasa uğraması ilə sonuclanır.
Məsələn, bir zamanlar Britaniyanın ən nüfuzlu və populyar qəzetlərindən olmuş The Evening Standart indi pulsuz paylanır. 1827-ci ildə əsası qoyulan qəzeti “məhv” edən məsələ London meriyasında iki məmurun “işdən çıxarılması” ilə yalan xəbərlər, sonra da Britaniyanın Avropa Birliyi siyasətinə məsul olan nazirlərin “cəzalandırılması” informasiyaları oldu.

Bir zamanlar Britaniya siyasətinə təsir imkanlarına malik qəzet qürub çağında vur-tut 1 funt-sterlinqə satışa çıxarılmışdı.
Mediamaqnat Rupert Merdokun imperiyasının ən dəyərli subyektlərindən sayılan, çox böyük tirajlı News of the World qəzetini məhv edən də telefon danışıqlarının gizli şəkildə dinlənilməsi yolu ilə əldə edilən məlumatlar, dezinformasiyalar və məmurlarla bağlı yalanların dərci olmuşdu.
… Azərbaycanda yalan yayan, çaşqınlıq yaratmağa çalışan media vasitələrinin özbaşınalıqlarına son qoymaq gərəkdir. Sərt səslənə bilər, amma belədir. Söz azadlığı yalan yaymaq sərbəstliyi, böhtan və dezinformasiya tirajlamaq sərbəstliyi deyil.
Jurnalist həmkarlarımı isə şayiələr, iddiaları yaymamağa çağırıram.
Xəbər varsa, o, mütləq dəqiqləşdirilməli, yoxlanmalı, obyektiv şəkildə cəmiyyətə çatdırılmalıdır. Əks halda “Naziri işdən çıxarıblar. Xəbəriniz var?” tipli dezinformasiyalar yayanlar özlərini qayət rahat hiss edəcəklər.

Elçin Alıoğlu
Milli.Az

www.yenicag.az

731
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv