Nazirin “qırmızı diplomlu”larla bağlı ÇAĞIRIŞINA ETİRAZ: ”Bəzi məmurlar bundan sui-istifadə edərək…” – Təhsil eksperti

“Qırmızı diplomu olan məzunların müsabiqə və imtahansız işlə təminatı mümkün olsa, bəzi məmurlar bundan sui-istifadə edəcək”.

Bunu elm və təhsil naziri Emin Əmrullayevin fərqlənmə diplomu olan şəxslərə müəyyən güzəştlərin edilməsi ilə bağlı təklifini şərh edərkən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Qırmızı diplomun yalnız işə qəbul üzrə müsahibə mərhələsində müsbət rola malik olduğunu deyən ekspert onun bilik və bacarıqların göstəricisi olmadığını bildirib:

“Qırmızı diplom yalnız namizədin işə qəbulu üzrə müsahibə mərhələsində müsbət məqam kimi qiymətləndirilə bilər. Yəni o, hər hansı bir şəxsin təhsil keyfiyyət göstəricisi və mövcud bacarıqlarının qiymətləndirilməsi anlamını vermir. Məsələn, bir nəfərin 1998 və ya 2007-ci ildə qırmızı diplomla təhsilini tamamladığını düşünək. Onun aldığı diplom köhnə təhsil sistemi proqramına daxildir. Yəni həmin dövrdəki təhsillə indikində kifayət qədər fərq mövcuddur. İstənilən halda həmin şəxsin müsabiqəyə cəlb olunması vacibdir. Məsələn, tarix müəllimliyi ixtisasını fərqlənmə diplomu ilə bitirən şəxsin heç bir imtahan vermədən hər hansı bir məktəbə təyinat alması mümkün deyil.
İmtahan vermədən, yalnız qırmızı diplomla işlə təmin olunmaq mümkün olsa, bəzi məmurlar ondan sui-istifadə edəcək. Belə olduqda onlar yaxınlarının da qırmızı diplom alması üçün saxta yollara əl atacaqlar”.

Sadiq Cavadov