Nazirin qucağına aldığı quzu danışdı – Yenicag.Az

Reklam

Reklam

Vaxtı ilə müəllimin yemək yemədiyini düşündüyümüz kimi, indi də yüksək vəzifəli məmurların normal davranışlarına anormal reaksiya veririk. Məsələn, yeni təyin olunan kənd təsərrüfatı naziri İnam Kərimovun işə başlar-başlamaz bölgələrə səfər etməsini, ayaqqabısının toza bulaşmasını, qucağına quzu götürməsini fövqəladə hadisə kimi dəyərləndiririk. Hətta nazirin bölgəyə səfəri zamanı qalstukdan istifadə etməməsini belə xəbərə çevirənlər var.

 

Niyə? Çünki məmurundan məmnun xalq deyilik. Onlar və yaxınları etdiyi özbaşınalıqlarla, süründürməçiliklə, vətəndaşa yuxarıdan aşağı baxmalarıyla və laqeyd münasibətlə bizlərdə mənfi fikir formalaşdırıblar. Bu səbəbdən vəzifə sahiblərinin insani davranışları belə bizə qeyri-adi hadisə kimi gəlir.

 

Bəziləri İnam Kərimovun bu addımından xoşbəxtlikdən havada uçursa, gör indi quzuyla ayaqqabıya bulaşan toz hansı hissləri keçirir…

 

Təbii ki, məsələyə bu qədər biganə qala bilməzdik. İnam Kərimovun atdığı addımla dünyanın diqqətini Azərbaycana yönəltdiyini nəzərə alaraq, Qubanın yoncası ilə böyüyən quzuyla danışmaq qərarına gəldik.

 

Düzdü, bu məqsədlə yollandığımız Qubanın Buduq kəndində quzunu danışdırmaq elə də asan olmadı. Görünür, nazir qucağının şəfqətini hələ də yununda hiss edən quzu özünü bir qədər naza çəkirdi. Ancaq çox keçmədi ki, nazir qucağında oturan ilk quzu kimi Azərbaycan tarixinə düşən heyvanı razı sala bildik.

 

Həmin anı hələ də unuda bilməyən qucağameyilli quzu, açıqlamasında sürüdə gəzən söz-söhbətlərdən də danışdı:

 

“O anı sözlə ifadə edə bilmirəm. Mənim üçün gözlənilməz oldu (göz yaşlarını saxlaya bilmir). Həqiqətən də tarixi hadisə idi. Bu anı yaşadığım üçün babamla nənəmi cütləşdirən çobanıma, çobanı tutan fermerə nə qədər təşəkkür etsəm, azdır. Düzdü, sürüdə paxıllığımı çəkənlər, nazirin qucağında oturduğum üçün mənə pis gözlə baxanlar da var. Amma mən belə söz-söhbətlərə fikir vermirəm”.

 

Nazirin ayaqqabısına bulaşan tozun isə məsələyə münasibəti qısa və konkret olub: “Məndən başqası müəllimin ayağının tozu belə ola bilməz”.

 

Emin Səfərov

P.S. Əslində, İnam Kərimovun digərlərinə nümunə olacağına şübhə etmirik. Azərbaycanın ən gənc naziridir və işləməyə həvəslidir. ASAN kimi bir nümunəyə rəhbərlik etməsi, tərcümeyi-halı da sələflərindən fərqlənəcəyini ortaya qoyur. Amma biz onun işləyib-işləməməsinə bir quzuyla qiymət verməli deyilik. Bunun üçün əvvəlcə  daxili bazarın qorunması – yerli fermerlərin istehsal etdiyi kənd təsərrüfatı məhsulları üçün bazarın təmin edilməsi, monopoliyanın, fermerlərə güzəştli kreditlərin verilməsində qanunsuzluqların və s. problemlərin aradan qaldırılması lazımdır ki, Tovuzda, Gədəbəydə kartof yetişdirildiyi halda, İran, Türkiyə, Gürcüstan məhsulundan qidalanmayaq. Qısacası, yeni nazirə uğur arzulamaqla yanaşı, o quzunun yerində olmaq istəyənlərdən  da bir təvəqqemiz var: İmkan verin, yeni nazir işləsin və bir il sonra ölkə olaraq, bu fəaliyyətin bəhrəsini görək və qeyd edək…

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4405
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."