Nazirlər Kabinetində ilişib qalan VETERANLIQ STATUSU: “Dövlət rəhbərliyi bu işə qarışmalıdır” – ŞƏRH

“Düşünürəm ki, dövlət rəhbərliyi bu işə qarışmalı və məsələ tez bir zamanda həll olunmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Vətən müharibəsində iştirak etmiş şəxslərə veteranlıq statusunun verilməsinin gecikdirilməsinə münasibət bildirən ehtiyatda olan polkovnik, Hərbi Polisin sabiq rəisi Rövşən Məhərrəmov deyib.

Rövşən Məhərrəmov bildirib ki, məsələnin Nazirlər Kabinetində araşdırılması prosesi ləngidir:

“Veteranlığın hələ də verilməməsi çoxlu narazılıqlar yaradır. Çox sayda insan tanıyıram ki, müharibədə iştirak edib, ancaq hələ də bu statusu ala bilmir. Birinci müharibədə hər bir qurum özü komissiya yaratmışdı. Müdafiə Nazirliyinin özünün komissiyası vardı. Bu məsələlərə həmin komissiya baxırdı. Hətta cəbhədə bir gün, üç gün də olmuş şəxs veteran adı almalıdır. Çünki bir gündə o şəxs həlak ola, başına hər iş gələ bilərdi. Altı ay çox uzun müddətdir. Düşünürəm ki, bu gedişlə veteranlığın verilməsi bir il çəkəcək.

Birinci Qarabağ müharibəsindən sonra da çox ciddi problemlər var idi. Arxivdə sənədlər itmişdi, məhkəmələr yolu ilə veteranlıq alınırdı. O dövr üçün bunlar normal idi. Çünki ordu tam formalaşmamışdı, həqiqətən, sənədlər itmişdi. İndi isə kimin harada olmasını bilmək çox asan bir məsələdir.

Əslində, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və s. qurumlarda komissiya yaradılmalı idi. Sənədləri Nazirlər Kabinetinə göndərəsi, sənədlərə baxılası, dəqiqləşdirmə aparılası… bu çox uzun prosesdir və problemlər yaradır.

Narazılıqlar var idi, ancaq indi şikayətlər daha da çoxalır. Düşünürəm ki, dövlət rəhbərliyi bu işə qarışmalı və məsələ tez bir zamanda həll olunmalıdır. Döyüşlərdə iştirak edən orqanlar var, bu orqanlar özləri qərar verməlidir. Nazirlər Kabineti prosesi ləngidən orqandır”.

Ehtiyatda olan polkovnik səfərbərlik xidmətlərinin də döyüş keçmiş şəxsləri çox incitdiyini qeyd edib:

“Müharibdə iştirak etmiş şəxslər rayon səfərbərlik xidmətlərinə üz tutur, veteranlığın verilib-verilməyəcəyini soruşurlar. Xidmətdən isə onlara kobud şəkildə cavablar verilir, hətta veteranlığın verilməyəcəyi deyilir. Bu da narazılığı artıran amillərdən biridir. O xidmətdən sakit şəkildə deyə bilərlər ki, bu məsələyə Nazirlər Kabineti baxır. Ancaq onlar daha pis yolu tuturlar”.

Səxavət Məmməd