Nazirlər Kabinetindən qaçqın rayonları ayağa qaldıran qərar – Heydər Əliyevin göstərişi yerinə yetirilmir

“Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarı ilə orta aylıq (dondurulmuş) əməkhaqqı ilə təmin edilən məcburi köçkünlərə edilən ödənişlər 6 aydır ki, dayandırılıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, mövcud durumdan narazı olan məcburi köçkünlər etiraz aksiyası keçirtməyi planlaşdırırlar.

Bu barədə saytımıza Füzuli rayonundan olan məcburi köçkünlər məlumat veriblər. Verilən məlumata görə, “dondurulmuş əməkhaqqı”nın dayandırılmasından sonra köçkünlərin yaşayış səviyyəsi dözülməz həddə çatıb.

Dolanışıq baxımından çətinlik çəkən ailələr, Milli Qurtuluş Günündə – yəni iyunun 15-də Prezident Administrasiyasının, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin önündə etiraz aksiyası keçirtməkdən başqa çıxış yolu görmürlər.

Məcburi köçkünlər tərəfindən müxtəlif dövlət qurumlarına edilən bütün müraciətlərin hər hansı müsbət cavabı olmayıb. Ənənəvi cavab isə “gedin hara istəyirsiniz, şikayət edin. Büdcədə pul yoxdur!” cümləsindən ibarətdir.

Qeyd edək ki, işğaldan əvvəl büdcədən maliyyələşən idarə və təşkilatlarda çalışan köçkünlərə “dondurulmuş əməkhaqqı”nın ödənilməsi 1994-cü ildən mərhum prezident Heydər Əliyevin göstərişi ilə icra olunurdu.

Emin Səfərov
Yenicag.az

COP29