“Nazirlər Kabinetinin öz fəaliyyəti haqqında hesabatının hər il Milli Məclisin yaz sessiyasının 5-ci iclasında deyil, may ayında təqdim etməsi daha məqsədə uyğun ola bilərdi. Bu həm də hesabatda təqdim edilmiş məlumatların daha dolğun və daha tam olmasına imkan verərdi”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Komitə sədri bildirib ki, hesabatda dövlət proqramlarının icrası haqqında daha geniş məlumatın verilməsi məqsədə uyğun olardı: “Bu həm də deputatların öz dairələrində görülən işlər haqda daha geniş məlumata sahib olmasına, deputat-seçici münasibətlərinin inkişafına səbəb olardı. Publik hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətlərində əsaslandığı qaydalar və bu qaydaların Nazirlər Kabinetinin qaydaları ilə uyğunluğunun təhlil edilməsinə fikrimcə böyük ehtiyac vardır. Həmçinin, istehsal sahəsi üçün tələb olunan torpaqların təyinatı və istifadəsi qaydalarında çevik və iqtisadi cəhətdən səmərli mexanizmlərin yaradılmasına ehtiyac var. Hesab edirəm ki, bu təkliflərin nəzərdən keçirilməsi iqtisadi səmərliliyi daha da artıra, nəzarət mexanizmlərini isə gücləndirə bilər”.