“Nazirlərin hansı həssas məsələlərdən danışdıqları məlum deyil” – Millət vəkili

“Həmsədrlərin işğala məruz qalan ərazilər ifadəsini işlətməməsi onların obyektivlikdən uzaq mövqe tutduqlarını təsdiqləyir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın ötən gün Polşanın Krakov şəhərində baş tutan görüşünü şərh edən Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Millət vəkilinin fikrincə, ciddi nəticələrin əldə olunmamasına baxmayaraq, xarici işlər nazirləri arasında növbəti görüşün keçirilməsi özlüyündə müsbət hadisədir:
“Lakin nazirlərin Krakov görüşündə hər hansı razılaşmanın əldə edilməsinə dair heç bir məlumat yoxdur. Əlimizdə olan məlumat sadəcə, həmsədrlərin verdiyi bəyanatdır.
O bəyanatdan da belə məlum olur ki, tərəflər bundan əvvəlki görüşlərdə əldə olunan razılaşmaların icrası ilə bağlı müzakirələr aparıblar. Bundan başqa, ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi məsələsində də ortaq mövqeyə gəlinib. Yəni bu prosesin daha tez yekunlaşması diqqət mərkəzində saxlanılıb. Eyni zamanda, o da məlum olur ki, çox həssas məsələlər müzakirə edilib. Amma bu həssas məsələlərin nədən ibarət olduğu bilinmir.

Həmçinin, qeyd olunub ki, danışıqlar prosesində ən mühüm məsələ tərəflər arasında etimadı artıracaq tədbirlərin həyata keçirilməsidir. Bəyanatdan o da məlum olur ki, həmsədrlər təmas xəttindəki nisbi sabitlik vəziyyətindən məmnundurlar və bu prosesin davam etdirilməsinə çağırıblar.

Danışıqlar prosesinin mühüm detallarından biri odur ki, həmsədrlər faktaraşdırıcı missiyaların göndərilməsi məsələsinin gündəmdə saxlanılmasını təklif ediblər. Ancaq son müzakirələrdə bu məsələyə dair qəti qərar verilməyib. Buna baxmayaraq, növbəti görüşlərdə bu istiqamətdə razılaşmanın əldə olunmasının vacibliyi vurğulanıb. Burada bir məqamı da qeyd etmək istərdim ki, indiki halda faktaraşdırıcı missiyaların münaqişənin təsirinə məruz qalmış ərazilərə də göndərilməsi təklif olunur.

Amma həmsədrlərin belə mürəkkəb ifadələrə əl atmaqdansa, hər şeyi öz adı ilə çağıraraq işğala məruz qalan ərazilər ifadəsini işlətməsi daha doğru olardı. Bu yanaşma vasitəçilərin obyektivlikdən uzaq mövqe tutduqlarını təsdiqləyir”.

ELÇİN