Nəqliyyat, Rabitə və Texnologiyalar Nazirliyi rouminq tariflərinin optimallaşdırılması ilə bağlı digər ölkələrin sahə üzrə müvafiq qurumları qarşısında təşəbbüslə çıxış edir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, ölkəmiz Regional Rabitə Birliyininin (RRB) fəal üzvlərindən biridir və Birliyin nəzdində fəaliyyət göstərən İşçi Qrupu tərəfindən üzv ölkələr arasında rouminq tariflərinin tənzimlənməsi istiqamətində işlər görülür.
İşçi Qrupu tərəfindən gələcəkdə də bu istiqamətdə müvafiq işlər və operatorlarla birbaşa danışıqlar aparılması nəzərdə tutulur. Həmçinin Birliyin nəzdində mövcud olan Beynəlxalq Operatorlar Şurasının RRB-yə daxil olan ölkələrin operatorlarının rouminq qiymətlərini aşağı salmasını təşviq etmək imkanı var.
Avropa Parlamentinin deputatları aprelin əvvəlində Avropa İttifaqı (Aİ) ölkələri arasında rouminq xidmətinin ləğvinə səs veriblər. Bu ilin iyunun 15-dən qüvvəyə minəcək saziş Aİ-yə daxil olan bütün ölkələr tərəfindən təsdiqlənməlidir.
Qərar beynəlxalq telefon bağlantısı üçün tariflərin məhdudlaşdırılmasını nəzərdə tutur. Belə ki, iyundan etibarən hər giqabayt üçün 7,7 avro təşkil edəcək tarifin məbləği hər il azaldılacaq və 2022-ci ilədək 1 giqabayt üçün 2,5 avro təşkil edəcək. Zənglər üçün tariflər 3,2 avrosent, SMS bildirişi üçün 1 avrosent müəyyənləşdirilib. Son ikinci rəqəm sonuncu rəqəmdir və azaldılmayacaq.
Məlumata görə, iyunun 15-dən etibarən Avropa İttifaqında səyahət edən təşkilata üzv ölkələrin sakinləri mobil internet və telefon danışıqlarından ucuz istifadə imkanı əldə edəcəklər. Rouminqin ləğv ediləcəyi ölkələr sırasına Aİ-dən çıxmağa hazırlaşan Böyük Britaniya da daxildir. Bununla belə, Birləşmiş Krallığın 2019-cu ilin martınadək Aİ tərkibində qalacağı gözlənilir. Rouminqin Aİ-yə üzv olmayan İsveçrə və Norveçdə ləğvi gözlənilmir.