Nazirlikdə yoxlama: İki il ərzində 257,9 min manat səmərəsiz istifadə edildi

Hesablama Palatası 2022-ci ildə Mədəniyyət Nazirliyinin 2020-21-ci illərdə keçirdiyi dövlət satınalmalarının qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğu, bu sahədə daxili nəzarət işinin təşkili vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə audit aparıb.

Yenicag.az xəbər verir ki, audit nəticəsində aşağıdakılar müəyyən edilib:

Satınalmaların planlaşdırılmaması və ya tələb olunan müddətlərdə planlaşdırılmaması funksional fəaliyyətin təmin olunması zamanı dövlət ehtiyaclarının rəqabətli mühitin formalaşması ilə ödənilməsi imkanlarını məhdudlaşdırıb, funksional fəaliyyətin icrası məqsədilə əvvəlcədən məlum istiqamətlər üzrə də satınalmaların vaxtında keçirilməməsi ilə nəticələnib.

2020-21-ci illərdə ümumilikdə 68 halda malların (işlərin və xidmətlərin) haqqının ödənilməsinin satınalma proseduru olmadan xərc edildiyi müəyyən olunub.

Bəzi hallarda ehtimal olunan qiymətin hesablanması zamanı mövcud potensialın tam diqqətə alınmaması, həmçinin bir sıra hallarda ehtimal olunan qiymətin düzgün müəyyən edilməməsi, zəruri kalkulyasiyaların aparılmaması daha yüksək qiymətlərin tətbiqinə şərait yaradıb. Ümumilikdə 5 milyon 58,6 min manat məbləğində müqavilə çərçivəsində həmin vəsaitin 25,2%-i qədər əlavə vəsait ödənilib. Eləcə də, auditin əhatə etdiyi və bu dövrdən əvvəlki ildə tətbiq olunan qiymətlərin müqayisəsi 2020-21-ci illərdə qiymətlərin bəzi hallarda aşağı olmadığını vurğulamaq imkanı verib.

Bir sıra hallarda isə əsas şərtlər toplusuna uyğun olmayan tender təkliflərini təqdim edən iddiaçılar müsabiqədən kənarlaşdırılmayıblar, bəzi hallarda isə həmin iddiaçılar qalib seçiliblər. Bu isə sifarişçi tərəfindən başa çatdırılmadan müqavilələrə xitam verilməsinə, müqavilələrin 50%-dən çoxunun isə subpodrat müqavilələr çərçivəsində icra olunmasına şərait yaradıb.

Müqavilələr bəzi hallarda malların, işlərin və xidmətlərin faktiki alındığı tarixlərdən sonra bağlanaraq 1 milyon 240 min manat vəsait ödənişi həyata keçirilib ki, bu da sonradan aparılmış satınalma prosedurlarının formal xarakterli olduğunu göstərir.
Bağlanmış müqavilələrin şərtlərinə bir sıra hallarda əməl olunmayıb ki, bu da öz növbəsində, bəzi hallarda müqavilələrin büdcə ili ərzində tam icra olunmasını təmin edərək ilin sonunda geri qaytarılmaması məqsədilə vəsaitlərin qabaqcadan ödəniş edilməklə və ya akkreditiv hesablara köçürülməklə 2 milyon 27 min manatın podratçıların sərəncamında və akkreditiv hesablarda istifadəsiz saxlanması ilə nəticələnib.

Malların mədaxil və məxaric sənədlərinin düzgünlüyü, tərəflərin öhdəlikləri, müqavilələrin icrası vəziyyəti ilə bağlı toplanmış audit sübutları ilə bəzi müqavilələr üzrə öhdəliklər tam yerinə yetirilmədən vəsait ödənildiyi müəyyən olunub.

Nazirlik tərəfindən dövlət satınalmalarının vaxtında və əsaslı şəkildə planlaşdırılması üzrə fəaliyyətin təmin olunmaması bir sıra hallarda dövlət büdcəsi vəsaitinin ilkin təyinatının dəyişdirilməsi ilə nəticələnib, ümumilikdə dövlət büdcəsi xərclərinin 1 milyon 283,3 min manatının iqtisadi təsnifat və 634,4 min manatının isə funksional təsnifat üzrə ilkin təyinatının dəyişdirilməsi proqnoz və icra göstəricilərinin təhrifinə şərait yaradıb.

Satınalmaların və funksional fəaliyyətin uzlaşmış şəkildə planlaşdırılmaması tabeliyindəki təsərrüfatlı qurumların saxlanılması və ictimai birliklərə vəsait yönəldilməsi ilə nəticələnib, bəzi hallarda təsdiq edilmiş xərc istiqamətləri dəyişdirilməklə 1 milyon 944,7 min manat vəsait istifadə edilib. Bu isə funksional fəaliyyətin icrası üçün ayrılmış vəsaitin nəticəliliyinin təmin olunmasında, eləcə də qəbul edilmiş məqsədlər üçün dövlət büdcəsinin təsdiq olunmuş xərclərinin məqsədlər üzrə istifadəsində əhəmiyyətli risklərə yol açıb.

Auditin əhatə etdiyi dövrdə Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin kənar müəssisələrə ötürülməsi səbəbindən 257,9 min manat məbləğində dövlət vəsaitinin səmərəsiz istifadəsinə şərait yaradılıb ki, bu da funksional fəaliyyətin Əsasnaməyə uyğun şəkildə həyata keçirilməsində riskləri formalaşdırıb.

Ehtimal olunan qiymətin hesablanmaması fonunda bağlanmış müqavilələr çərçivəsində alınması nəzərdə tutulmuş malların, işlərin və xidmətlərin konkret müəyyənləşdirilməməsi, müqavilələrin icrası ilə bağlı təsdiqedici sənədlərin də müvafiq qaydada tərtib olunmaması və ya ümumiyyətlə təqdim edilməməsi nəzərdə tutulmuş məqsəd və əldə edilmiş nəticələr arasında uyğunluğun qiymətləndirilməsində əsaslı riskləri formalaşdırmaqla bu müqavilələr üzrə 563,9 min manatın icrasının əsaslılığının qiymətləndirilməsinə şərait yaratmayıb.