!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlikdən “Diqlas” açıqlaması - Təfərrüat

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyi “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

Yenicag.az məlumatın mətnini təqdim edir:

“26 mart 2019-cu il tarixində saat 08:13-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81 ünvanında yerləşən “Diqlas” ticarət mərkəzinin yaxınlığında yerləşən iaşə obyektində (dönərxana) yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsinə cəlb olunan nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri saat 08:21-də çağırış ünvanına çatıb. Yanğının sürətlə yayılması, yanğın hidrantlarının və su hovuzlarının uzaq məsafədə olması, ərazidəki ticarət obyektlərinin sıx yerləşməsi və həmin obyektlərin yanğının sürətlə yayılmasına səbəb ola biləcək materiallarla üzlənməsi nəzərə alınaraq saat 08:28-də yanğının söndürülməsi üçün “3 saylı çağırış” elan edilib.

Yanğınsöndürmə işlərinin sürətləndirilməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün yanğın yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Aviasiya dəstəsinin 3 ədəd yanğınsöndürmə helikopteri cəlb olunub.

Yanğın nəticəsində yerüstü mərtəbələrinin sayı 4 (+ mansard) və 3 mərtəbədən ibarət zirzəmisi, hər mərtəbəsinin sahəsi, təqribən, 2500 m2 (mansard 1200 m2) olan ticarət mərkəzinin zirzəmisinin mənfi 1-ci mərtəbəsindən binanın mansardına kimi içərisində təsərrüfat, geyim və s. malları olan müxtəlif növ mağazalar, habelə ticarət mərkəzinə bitişik köşklər 2600 m2 sahədə, ticarət mərkəzinin yaxınlığında yerləşən təsərrüfat malları bazarında müxtəlif növ ticarət obyektlərinin üzlük hissələri və qismən plastik pəncərə çərçivələri və dam örtükləri 200 m2 sahədə (ümumilikdə 16500 m2 sahədə) yanıb.

Saat 12:30-da yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb. Sonrakı mərhələdə kəşfiyyat, soyutma, ticarət mərkəzinin zirzəmisində gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü və söndürmə işləri aparılıb.

Saat 23:45-də yanğın tam söndürülüb.

“Diqlas” ticarət mərkəzinin zirzəmisinin mənfi 2 və 3-cü mərtəbələri (zirzəmi) içərisində olan mallarla birlikdə 5000 m2 sahədə, yaxınlıqda olan təsərrüfat malları bazarı 2 ha ərazidə, meyvə-tərəvəz bazarı 2,5 ha ərazidə və 3 mərtəbəli “Lotos” ticarət mərkəzi yanğından mühafizə olunub.

Baş vermiş hadisə ilə əlaqədar cinayət işinin başlanılması ilə bağlı qərar qəbul edilib və istintaq qrupu yaradılıb.

Onu da bildiririk ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə guya yanğın tam söndürülmədən yanğınsöndürmə bölmələrinin ərazini tərk etməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Qəti şəkildə bəyan edirik ki, bu məlumatlar kökündən yanlış olmaqla reallığı əks etdirmir və görülən işlərin üzərinə kölgə salmaq məqsədilə qərəzli şəkildə yayılır.

Həmçinin, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində “Diqlas” ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarının pozulması və bu pozuntuların aradan qaldırılmasının zəruriliyi ilə bağlı ticarət mərkəzinin rəhbərliyini və digər aidiyyəti şəxsləri dəfələrlə rəsmi şəkildə xəbərdar edib.

Təəssüf hissi ilə bildiririk ki, əməliyyat barədə məlumatların nazirliyin rəsmi internet informasiya portalında mütəmadi yenilənməsinə baxmayaraq, bəzi xəbər saytları həqiqəti əks etdirməyən məlumatlar yayır. Kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır, hadisələrə həssaslıq və anlayışla yanaşmağı tövsiyə edirik”.

www.yenicag.az

5553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv