Nazirlikdən Rüstəm Əfsərliyə sərt cavab

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova “CBC Sport” telekanalının məşhur şərhçisi və rəsmisi Rüstəm Əfsərlinin nazirliklə bağlı sərt ittiham səsləndirməsinə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, o, özünün şəxsi “Facebook” hesabında bununla bağlı paylaşım edib: “2019-cu ilin idman yekunlarına dair ADBTİA-da keçirilən tədbirdən sonra CBC Sport telekanalının əməkdaşı Rüstəm Əfsərlinin öz Facebook səhifəsində Dövlətin gənclər və idman siyasətinə cavabdeh olan qurumunu şəxsi ambisyasına görə qeyri-peşəkarlıqda ittiham etməsi, nazirliyin ölkə başçısının rəhbərliyi ilə apardığı gənclər və idman siyasətinə qarşı atılan addımı kimi qiymətləndirilir.

Nazirlik bu mövzu ilə bağlı atacağı addımları qısa zamanda ictimaiyyətə açıqlayacaq”.

Qeyd edək ki, R.Əfsərli nazirliyin dünən ilin yekunu ilə bağlı açıqladığı nominasiyalarda KİV-lər arasında kanalın adının yer almaması ilə bağlı bunları yazmışdı: “Gənclər və İdman Nazirliyinin nominasiyalarında qalib gəlmiş həmkarlarımı ürəkdən təbrik edib, onların uğurlarına sevindiyimi tam səmimiyyətimlə qeyd edərək, ölkədə ən çox idman tədbiri işıqlandıran CBC Sport kanalının adının növbəti dəfə bu siyahıda olmaması ilə əlaqədar bəyan edirəm ki, həqiqətən də Azərbaycanda öz sahəsindən bu qədər başı çıxmayan ikinci nazirlik yoxdur”.