Dünən gecə Şamaxıda baş verən zəlzələ ilə əlaqədar olaraq xəstəxana gücləndirilmiş rejimdə çalışıb.
Bu barədə Yenicag.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisədən sonra 6 təcili tibbi yardım briqadası işləyib və şəhər sakinlərindən 30 müraciət daxil olub:
“Zəlzələdə xəsarət alan 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Onlara travmatologiya şöbəsində lazımı yardım göstərilib. Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib. Bir nəfər cavan adamın həyəcandan dili tutulub. Həmin şəxsə yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. 58 yaşlı şəxsin isə həyəcandan beyninə qan sızıb, reanimasiya şöbəsində müalicə alan şəxsin vəziyyəti ağır qiymətləndirilir”.