Nazirlikdən xəbərdarlıq: Bu şəxslər 9 min cərimələnəcək

Nazirlər Kabinetinin qərarı ilə balıqların icazəsiz ovuna görə təbiətə dəyən ziyanın məbləği Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmiş bir baş balıq üçün 275 manat, bir baş bölgə 247,5 manat, ağ qızılbalıq, nərə, uzunburun balıqları üçün 220 manat təşkil edir.

Bu barədə Yenicag.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təbiətə dəymiş ziyana görə ödəmələr hər bir balıq növünə görə üçqat ölçüdə hesablanır.

Çəkisindən və ölçüsündən asılı olmayaraq, ovu qadağan olunmuş 2 baş balığın icazəsiz ovlanması nəticəsində təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaradır.

Cinayət Məcəlləsinin 256-cı maddəsinə əsasən, balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda (400 manatdan 1000 manatadək) ziyan vurduqda 2000 manatdan 3000 manatadək miqdarda cərimə və ya 240 saatdan 320 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda (1000 manatdan artıq olan məbləğ) törədildikdə, qoruqların ərazisində və ya fövqəladə, yaxud təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə isə 3000 manatdan 6000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildiyi təqdirdə 6000 manatdan 9000 manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə 700 manatdan 1700 manatadək məbləğdə cərimə edilməsi də nəzərdə tutulur.

COP29