Mədəniyyət və Turizm Nazirliyi 2014-cü ilin yekunlarına dair hesabat verdi
Mədəniyyət və Turizm Nazirliyinin 2014-cü ildə sonuncu geniştərkibli kollegiya iclası keçirildi. Tədbirin əvvəlində Azərbaycan prezidentinin fərmanı ilə təltif edilmiş mədəniyyət xadimlərinə layiq ğörüldükləri mükafatlar təqdim olundu. Sonra nazir Əbülfəs Qarayev 2014- cü ilin yekunları ilə bağlı hesabat məruzəsi ilə çıxış etdi. Nazir bildirdi ki, Azərbaycanın mədəni həyatında ən önəmli hadisə bu il fevralın 14-də “Mədəniyyət konsepsiyası”nın qəbul edilməsi olub. Mədəniyyət və Turizm Nazirliyinin bütün uğurlarında bu sənəd özül rolunu oynayıb və onun əsasında bür sıra mühüm sənədlər qəbul edilib.
Ə.Qarayev vurğuladı ki, il ərzində 50-yə yaxın yubiley keçirilib, tarixi abidələr və mədəni irsin qorunması sahəsində çox önəmli tədbirlər reallaşdırılıb. Xalça Muzeyinin açılışı, Qara Qarayev, Üzeyr Hacıbəyli, caz musiqisi və digər beynəlxalq festivalların təşkili, Şəkidə I Beynəlxalq Teatr festivalı və teatr konfransının baş tutması, Moskvadakı Böyük Teatrda, eləcə də Kaliforniyada Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin premyerası və s. deyilənlərə misal ola bilər.
Nazir kinematoqrafiya sahəsindən danışarkən isə bildirdi ki, Azərbaycanda istehsal olunmuş filmlər bu il 52 Beynəlxalq kino festivalında ölkəni təmsil edib.
Nazirliyin kollegiya iclasında nazirin məruzəsindən sonra daha 6 məsələ ətrafında hesabat xarakterli çıxışlarla davam etdi.
“Kinoteatrlarda bəzi filmlərin dublyaj olunmadan verilməsi məni narahat edir. Azərbaycan kinoteatrlarında nümayiş olunan filmlər ya Azərbaycan dilinə dublyaj edilərək nümayiş olunmalı, ya da subtitrlərlə göstərilməlidir”. Bunu isə nazir Ə.Qarayev kollegiya iclasından sonra ilin yekunlarına həsr olunan mətbuat konfransında dedi. Bu təcrübənin dünyanın müxtəlif ölkələrində özünü doğrultduğunu deyən Ә.Qarayev əlavə etdi ki, bütün kinoteatrlara məktub göndərilərək, yalnız dövlət reyestrinə salınan filmlərin nümayiş olunmasına icazə verilib: “Hazırda bütün filmlər reyestrdən keçirilir. Amma burada bizə çətinlik yaradan başqa məsələ var ki, onlar həll olunmalıdır. Məsələn, bir filmin dünya premyerası olanda həmin film eyni gündə bir çox ölkələrdə eyni vaxtda göstərilir. Belə filmləri əvvəlcədən reyestrdən keçirmək mümkün olmur. Filmi alanların da imkanı çatmır ki, onu dublyaj etsin. Ona görə filmi olduğu kimi nümayişə buraxırlar. Bu da “Dövlət dili haqqında” qanunla ziddiyyət təşkil edir. Bu səbəbdən biz indi qanunvericilikdə nəzərdə tutmalıyıq ki, bütün filmlər heç olmasa, titr vasitəsilə tərcümə olunandan sonra nümayiş olunsun”.
“Biz artıq yerlərdə turizm xidmətlərinin inkişafına daha çox diqqət yetirməliyik”. Bu sözləri də nazir mətbuat konfransında bildirdi. Onun sözlərinə görə, 2014-cü il abidələrin qorunması baxımından xüsusi dönəmdir. Nazirin bildirdiyinə görə, aparılan islahatlar rəhbərlik etdiyi qurumun nəzdində yeni yaradılan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin işini daha da gücləndirəcək: “Biz artıq deyə bilmərik ki, hansısa abidə pis gündədir. İndiyədək nazirlikdə abidələrin qorunması ilə məşğul olan ayrıca xidmət olmayıb. Bu xidmət bu istiqamətdə işlərin aparılmasında mühüm rol oynayacaq”.
İlin yekunlarını çox müsbət dəyərləndirən Ә.Qarayev bildirdi ki, ölkə prezidentinin sərəncamı ilə təsdiqlənən Mədəniyyət Konsepsiyası əsasında daha bir neçə yeni mühüm sənəd hazırlanıb. Nazir əlavə etdi ki, bu yaxınlarda Xazmazda İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət və Turizm Şöbəsi üçün yeni bina tikilərək istifadəyə verilib: “Yaxsı olardı kı, şöbələr üçün bütün rayon və şəhərlərdə belə ayrıca binalar tikilsin. Bu, bizim fəaliyyətimizi daha da yaxşılaşdırar”.
“Azərbaycanda musiqi məktəblərinin fəaliyyətinə yenidən nəzər salınmalıdır və bu sahədə yeni idarəçilik üslubları olmalıdır”, – deyən nazir Ә.Qarayevin sözlərinə görə, bu il musiqi məktəblərində bir neçə kadr dəyişikliyi olub və bu işlər yenə də davam etdiriləcək: “Yeni simalar, yeni idarəçilik üslubları olmalıdır. Söhbət ondan gedir ki, musiqi təhsili verən məktəblərə bizim tərəfimizdən gündəlik nəzarət olunmalıdır”.
Ә.Qarayev bildirdi ki, ölkə prezidenti bu il Bakı Xoreoqrafiya Akademiyası, eləcə də Turizm və Menecment Universitetinin yaradılması haqqında sərəncam verib. Hər iki təhsil müəssisəsinin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olmasını onlara göstərilən xususi diqqət kimi dəyərləndirən nazirin sözlərinə görə, artıq akademiyanın yaradılması üçün Bakı Xoreoqrafiya Məktəbinin binasının yenidən qurulması məqsədilə müvafiq tapşırıqlar verilib. Ә.Qarayev turizm sənayesi üzrə kadr hazırlığının da onlara həvalə edilməsini nazirliyə göstərən xüsusi diqqət kimi dəyərləndirdi.
Ә.Qarayev “Sovetski” adlanan ərazidə tarixi abidələrin sökülüb-sökülməyəcəyi məsələsinə də aydınlıq gətirdi. Dedi ki, “Sovetski”də 118 tarixi abidə mövcuddur. Həmin binaların arasında bəziləri yerli əhəmiyyətlidir: “Bu binalar çox da tarixi və ya memarlıq əhəmiyyəti daşımırlar. Elə binalar var ki, onların tarixi əhəmiyyəti o qədər böyük deyil, amma üzərilərində xüsusi memarlıq bəzəkləri var və bu səbəbdən də siyahıya salınıblar”. Ә.Qarayev bildirdi ki, bu ərazidə Cəlil Məmmədqulizadənin, Abdulla Şaiqin ev-muzeyləri də mövcuddur. Həmin muzeylərin sökülməyəcəyini deyən nazir əlavə etdi ki, bu binalara muzey olduqları üçün toxunulmayacaq: “Ola bilər ki, onlar tarixi abidə kimi o qədər əhəmiyyətli deyil. Amma muzey olduqları üçün yerlərində qalacaqlar”. O qeyd etdi ki, əhəmiyyətinə görə ikinci dərəcəli hesab edilən binalardan da təxminən 30-u sökülməyəcək. Daha sonra nazir əlavə etdi ki, ola bilsin, söküləcək binaların üzərindəki əhəmiyyətli hesab olunan ornamentli üzlük daşları ərazidə salınacaq parklarda yerləşdirilsin və yanlarında da bu bəzəklər barədə qısa məlumatı özündə əks etdirən lövhə qoyulsun.
Nazir Ә.Qarayev turizm xidmətlərinin qiymətlərinin baha olması səbəbindən yerli turistlərin bayram günlərində xaricə istirahətə getmələri barədə səslənən fikirlərlə razılaşmadı. Ә.Qarayev dedi ki, Azərbaycandan xaricə istirahətə getmək istəyən insanlara bununla bağlı hər hansı qadağa qoyula bilməz: “Azərbaycan azad ölkədir. İnsanlar bu gün öz gəlirlərinə baxaraq sərbəst hərəkət edirlər. “Heç kim heç yerə getməsin, hamı öz ölkəsində oturub istirahət etsin” demək də qeyri-mümkündür. İnsan xaricə də getməlidir, oraları da görməlidir”.
Nazir bildirdi ki, hazırda insanların səfər etdiyi ölkələrdən biri olan Gürcüstanda xidmət qiymətləri aşağı olan hotellər var: “Amma bu hotellərdəki xidmətlərin keyfiyyəti Şahdağ Qış-Yay Turizm Kompeksində fəaliyyət göstərən hotellərdəkindən çox aşağıdır». O, qeyd etdi ki, bu gün Azərbaycanda həm ucuz, həm də baha qiymətə xidmətlər təklif edən hotellər mövcuddur. Onların hər birinin yerləri qış turizm mövsümü ilə bağlı artıq dolub: “Bu gün məlumat almışam ki, həm Şahdağda, həm Qəbələdə, həm də Masallıdakı hotellərdə yanvar ayının 15-dək bir dənə də boş yer qalmayıb. Bu isə onu göstərir ki, onların hər birinin istifadəçisi var”…
(hafta.az)