Nazirliyin sözçüsü Konstitusiyanı pozmaqda suçlanır: “Bu, toxunulmazlıq hüququna ziddir”

Sosial şəbəkələrdə videoçıxışı yayılan fəhlə Taleh Bəşirovun buna görə işdən azad edilməsinə dair iddialar bir neçə gündür, geniş müzakirə olunur.

Yenicag.az xəbər verir ki, bu iddialara baxmayaraq, həm Taleh Bəşirovun özü, həm də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi onun işdən azad edilmədiyini bildirib.

Taleh Bəşirovun işdən çıxarılmadığı haqda bilgini sosial şəbəkədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Fazil Talıbov yayımlayıb.

Talıbov qeyd olunan informasiya ilə yanaşı, Bəşirovun şəxsi işini də sosial şəbəkədə nümayiş etdirib. Nazirlik nümayəndəsinin vətəndaşın şəxsi məlumatlarını ictimailəşdirməsi isə ciddi narazılıq doğurub.

Bu barədə Yenicag.az-a açıqlama verən hüquqşünas Əkbər Yusifoğlu bildirib ki, Fazil Talıbov bəhs olunan hərəkətilə Konstitusiyanın 32-ci maddəsini kobud şəkildə pozub:

“Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi şəxsi toxunulmazlıq hüququ haqqındadır. Həmin maddənin 3-cü bəndində deyilir ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.

Ancaq nazirlik rəsmisi Taleh Bəşirovun şəxsi məlumatını sosial şəbəkədə yayıb. Bu, qanuna zidd əməldir. Əgər qarşı tərəfdən icazə alıbsa belə, bunu qeyd etməli idi”.